
Bakı. Trend:
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB
Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclası
keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak
edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, spiker Sahibə Qafarova iclasda çıxış edərək,
müzakirə olunan mövzularla bağlı fikirlərini bildirib. O, Şura
iclası gündəliyinin 3-cü bəndi ilə bağlı danışaraq deyib ki,
Assambleyanın fəaliyyətinin əsas istiqamətlərindən biri MDB
iştirakçı dövlətlərində keçirilən seçkilər və referendumlarla bağlı
monitorinq fəaliyyətinin həyata keçirilməsidir. Milli Məclisin
sədri qeyd edib ki, seçkilər hər bir ölkənin həyatında onun gələcək
inkişafını müəyyən edən ən vacib hadisələrdən biridir. İstənilən
seçkidə obyektiv müşahidə missiyası seçkilərin şəffaflıq və
demokratiklik dərəcəsinin qiymətləndirilməsində çox mühüm rol
oynayır. Sahibə Qafarova vurğulayıb ki, Assambleyanın müşahidə
missiyalarının ölkələrimizdə keçirilən seçkilərdə iştirakı sadəcə
monitorinq prosesi deyil, eyni zamanda, həmrəyliyin və qarşılıqlı
dəstəyin təzahürüdür.
O, Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçilərinin
Qırğız Respublikasının Joqorku Keneşinə növbədənkənar seçkilərin,
həmçinin Qazaxıstan Respublikasının yeni Konstitusiyasının qəbulu
üzrə referendumun monitorinqinin nəticələri ilə bağlı da
fikirlərini diqqətə çatdırıb. Bildirilib ki, Milli Məclisin
deputatları hər iki müşahidə missiyasında fəal iştirak ediblər.
Sahibə Qafarova məmnunluqla qeyd edib ki, qardaş Qazaxıstanda
keçirilən referendumun monitorinqində MDB Parlamentlərarası
Assambleyasının müşahidəçi qrupunun koordinatoru vəzifəsini Milli
Məclisin sədr müavini Ziyafət Əsgərov yerinə yetirib.
İclasda bir sıra təşkilati və gündəlikdəki məsələlər müzakirə
olunub və yekunda müvafiq qərarlar qəbul edilib.

