
Bakı.Trend:
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasının (WUF13) şəhər siyasəti ilə torpaq resurslarının
səmərəli idarə olunması arasında əlaqələrin gücləndirilməsinə töhfə
verəcəyi gözlənilir.
Bunu BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının (UNCCD)
kommunikasiya, xarici əlaqələr və tərəfdaşlıq üzrə rəhbəri Kseniya
Skenlon forum çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
“WUF13 şəhərlərin iqlim dəyişikliyi, quraqlıq, torpaq
deqradasiyası və sürətli urbanizasiya səbəbindən artan təzyiqlərlə
üzləşdiyi kritik bir dövrdə keçirilir. UNCCD Bakıya sadə, lakin
mühüm bir mesaj gətirir: sağlam torpaq resursları ərzaq və su
təhlükəsizliyinin, iqtisadi sabitliyin və şəhərlərin dayanıqlığının
təməlini təşkil edir. Başqa sözlə, şəhərlərin ətrafındakı
ekosistemlər deqradasiyaya uğradığı halda dayanıqlı şəhər inkişafı
qeyri-mümkündür. UNCCD ardıcıl şəkildə vurğulayır ki, torpaq
deqradasiyası və quraqlıq artıq müstəsna olaraq kənd təsərrüfatı
problemləri olmaqdan çıxıb . Onlar getdikcə suya çıxış imkanlarına,
ərzaq qiymətlərinə, infrastrukturun vəziyyətinə, miqrasiya
proseslərinə və ictimai sağlamlığa təsir göstərərək şəhərlərə də
sirayət edir”, – deyə o bildirib.
Skenlon qeyd edib ki, WUF13 çərçivəsində aparılan müzakirələr və “World Cities Report 2026” hesabatı torpaq resurslarının daha
effektiv idarə olunmasının və iqlim dəyişikliklərinə dayanıqlı
şəhərlərin inkişafının vacibliyini ön plana çıxarır.
“Məhz buna görə şəhərləri, şəhərətrafı zonaları və kənd
ərazilərini birləşdirən kompleks ərazi planlaşdırılması son dərəcə
zəruridir. Biz WUF13-ü şəhər siyasəti ilə məsuliyyətli torpaq
idarəçiliyi arasında əlaqələrin möhkəmləndirilməsi üçün mühüm imkan
kimi qiymətləndiririk. Şəhərsalma, mənzil siyasəti, nəqliyyat və
infrastruktur sahəsində qəbul olunan qərarlar torpaq və su
resurslarından necə istifadə olunmasına birbaşa təsir göstərir.
Şəhərlər daha isti və quraq hala gəldikcə, məhz bu qərarlar
quraqlığa, su çatışmazlığına və ekstremal istilərə davamlılığı daha
çox müəyyən edəcək. Şəhərlər ya dayanıqlı olmayan genişlənmə yolu
ilə torpaq deqradasiyasını sürətləndirə, ya da quraqlığa uyğun
şəhər yaşıllaşdırılması, su resurslarının daha səmərəli idarə
olunması və təbiətyönümlü həllər vasitəsilə ekosistemlərin bərpası,
adaptasiya və resurslardan daha effektiv istifadə üçün güclü
hərəkətverici qüvvəyə çevrilə bilər”, – deyə o vurğulayıb.
UNCCD nümayəndəsi forumun torpaqların bərpasını, quraqlığa
hazırlığı, iqlim dəyişikliklərinə adaptasiyanı və inklüziv şəhər
inkişafını birləşdirən daha kompleks yanaşmaların təşviqinə,
həmçinin hökumətlər, inkişaf institutları, yerli hakimiyyət
orqanları və özəl sektor arasında tərəfdaşlığın möhkəmlənməsinə
kömək edəcəyinə ümid etdiyini bildirib.
“Daha dayanıqlı şəhərlərin qurulması hökumətlər, yerli
hakimiyyət orqanları və beynəlxalq tərəfdaşlar arasında daha sıx
əməkdaşlıq tələb edəcək. UNCCD öz növbəsində tərəfdaşlarla birlikdə
quraqlığa davamlı şəhər yaşıllaşdırılması və quraq şəhərlərdə iqlim
adaptasiyasını təşviq edən müxtəlif təşəbbüslər üzərində işləyir.
Bu fəaliyyət COP16-da qəbul olunmuş “Ər-Riyad Çağırışı”na
əsaslanır. Həmin sənəddə yerli və regional hakimiyyət orqanlarının
səhralaşma, torpaq deqradasiyası və quraqlıqla mübarizədə rolu
vurğulanır. COP17 ərəfəsində UNCCD yerli hakimiyyət orqanları ilə
əməkdaşlığın gücləndirilməsi və şəhər inkişafı ilə bağlı
müzakirələrin torpaqların dayanıqlılığı və quraqlığa qarşı mübarizə
məsələləri ilə əlaqələndirilməsi üçün UN-Habitat ilə də sıx
işləyir”, – deyə o əlavə edib.
Skenlon həmçinin bildirib ki, UNCCD ölkələrə deqradasiyaya
uğramış torpaqların bərpasında, quraqlığa dayanıqlılığın
artırılmasında və uzunmüddətli su və ərzaq təhlükəsizliyinin
möhkəmləndirilməsində kömək edə biləcək geniş təşəbbüsləri
dəstəkləyir.
“Əsas prioritetlərdən biri ölkələrə böhranlara reaksiya
modelindən onların qarşısının alınmasına keçiddə yardım
göstərməkdir. Bu isə torpaq resurslarının daha effektiv idarə
olunması və quraqlığa hazırlığın artırılması vasitəsilə mümkündür.
Digər mühüm istiqamət isə hökumətlər, inkişaf institutları və özəl
sektor arasında tərəfdaşlığın gücləndirilməsi yolu ilə torpaqların
bərpasına və dayanıqlı idarə olunmasına investisiyaların
artırılmasıdır. Buraya quraqlığa qarşı milli planların həyata
keçirilməsində həssas ölkələrə dəstək verməyə yönəlmiş “Riyadh
Global Drought Resilience Partnership” və özəl sektorun torpaq və
quraqlıq məsələlərində iştirakını artırmağı hədəfləyən “Business 4
Land” kimi təşəbbüslər daxildir”, – deyə o bildirib.
UNCCD nümayəndəsinin fikrincə, Azərbaycan kimi ölkələr davamlı
şəhər inkişafını, məsuliyyətli torpaq və su idarəçiliyini, eləcə də
iqlim dayanıqlığını birləşdirən praktik yanaşmaları təşviq etməklə
mühüm rol oynaya bilər.
“WUF13 bu ümumi prioritetlər ətrafında beynəlxalq əməkdaşlığın
gücləndirilməsi üçün mühüm imkan yaradır”, – deyə Skenlon əlavə
edib.
Bundan başqa, Skenlon qeyd edib ki, torpaq deqradasiyası və
şəhərlərin genişlənməsi xüsusilə bir çox şəhərlərin ekstremal
istilərə, qeyri-sabit yağıntılara və su çatışmazlığına daha həssas
olduğu şəraitdə getdikcə daha sıx əlaqəli çağırışlara çevrilir.
“2050-ci ilə qədər şəhər əhalisinin təxminən 2 milyard nəfər
artacağı gözlənilir ki, bu da torpaq və su resurslarına, eləcə də
ətraf ekosistemlərə təzyiqi əhəmiyyətli dərəcədə artıracaq.
Şəhərlərin sürətli və çox vaxt nəzarətsiz böyüməsi münbit kənd
təsərrüfatı torpaqlarının itirilməsinə, torpaqların
deqradasiyasına, meşələrin qırılmasına və su resurslarına təzyiqin
artmasına səbəb ola bilər. Eyni zamanda şəhərlərin ətrafındakı
torpaq deqradasiyası quraqlıq, daşqınlar, istilik dalğaları və
ərzaq qeyri-sabitliyinə qarşı dayanıqlılığı azaldır. UNCCD
vurğulayır ki, dayanıqlı olmayan torpaq istifadəsi və zəif idarə
olunan urbanizasiya ekoloji və sosial həssaslığın qapalı dövranını
yarada bilər. Torpaqların məhsuldarlığı azaldıqca və su stressi
gücləndikcə şəhərlər ərzaq qiymətlərinin artması, infrastrukturun
həssaslığı, əhali sağlamlığı üçün risklər və bərabərsizliyin
dərinləşməsi ilə üzləşir. Ələlxüsus da, qeyri-rəsmi yaşayış
məntəqələri ekoloji deqradasiya və iqlim sarsıntılarının
təsirlərinə daha çox məruz qalır ”, – deyə o izah edib.
Skenlon bildirib ki, bu proseslər miqrasiya və əhalinin
yerdəyişməsinə də təsir göstərir.
“Torpaq deqradasiyası və quraqlıq kənd yerlərində gəlir
mənbələrini zəiflədərək məcburi miqrasiyanı stimullaşdıra və onsuz
da mənzil, xidmət və məşğulluq problemləri yaşayan şəhərlərə
təzyiqi daha da artıra bilər. Hazırda dünyada torpaqların 40 faizə
qədəri deqradasiyaya uğrayıb, 2000-ci ildən bəri isə quraqlıqların
sayı təxminən üçdəbir artıb. Buna görə də şəhərlərin dayanıqlı
inkişafı yalnız şəhər infrastrukturundan deyil, həm də şəhər
iqtisadiyyatını və icmalarını dəstəkləyən landşaftların,
torpaqların və su sistemlərinin qorunması və bərpasından asılıdır”,
– deyə o bildirib.
Skenlonun fikrincə, şəhərlər bu problemlərin həllində əsas rol
oynayır.
“Şəhərsalma planlaşdırılması kompakt, resurs baxımından səmərəli
və iqlimə davamlı inkişaf vasitəsilə torpaq resurslarına təzyiqi
azalda bilər. Su hövzələrinin qorunması, şəhər və şəhərətrafı
ekosistemlərin bərpası, yaşıl infrastrukturun inteqrasiyası və
torpaq istifadəsinin təkmilləşdirilməsi quraqlığa və ekstremal
istilərə dayanıqlığın gücləndirilməsinə kömək edir”, – deyə o qeyd
edib.
Skenlon əlavə edib ki, UNCCD şəhər və kənd ərazilərini
ayrı-ayrılıqda deyil, vahid şəkildə birləşdirən kompleks ərazi
planlaşdırılmasının vacibliyini vurğulayır.
“Sağlam ətraf landşaftlar su resurslarının tənzimlənməsi, ərzaq
istehsalı, biomüxtəlifliyin qorunması və şəhərlərin iqlim
dayanıqlığı üçün həlledici əhəmiyyət daşıyır. Torpaq resurslarının
daha effektiv idarə olunması və etibarlı torpaq mülkiyyəti
hüquqları xüsusilə sürətlə genişlənən şəhərətrafı zonalarda
inklüziv şəhər inkişafının təmin edilməsi baxımından da mühümdür.
Şəhərlər həll yollarının təşviqində də mühüm rol oynaya bilər.
Onlar dövlət-özəl tərəfdaşlıqları, “yaşıl” infrastrukturun inkişafı
və yerli iqlim təşəbbüsləri vasitəsilə torpaqların bərpasına və
dayanıqlı idarə olunmasına investisiyalar cəlb edə bilərlər. Bir
çox hallarda torpaqların bərpası dayanıqlığın artırılması və həyat
keyfiyyətinin yaxşılaşdırılması üçün ən iqtisadi səmərəli
üsullardan biridir”, – deyə o izah edib.
UNCCD nümayəndəsi bildirib ki, digər yanaşmalar sırasında quraq
iqlim nəzərə alınmaqla şəhərlərin yaşıllaşdırılması, şəhər kənd
təsərrüfatı, suya həssas şəhər planlaşdırılması və istilik yükünü
azaltmaqla yanaşı, su resurslarının idarə olunmasını yaxşılaşdıran
digər təbiətyönümlü həllər də var.
“Daha əvvəl qeyd edilən “Trees in Dry Cities” koalisiyası kimi
təşəbbüslər quraq regionlarda yerləşən şəhərlərdə iqlim
dəyişikliklərinə adaptasiya üzrə praktik yanaşmaların təşviqinə
kömək edir”, – deyə o bildirib.
Skenlon vurğulayıb ki, torpaq deqradasiyası və quraqlıq
maliyyələşdirmə, siyasət, texnologiya və bilik mübadiləsi
sahələrində daha sıx beynəlxalq əməkdaşlıq tələb edən qlobal
çağırışlardır.
“Ən həssas quraq regionlar çox vaxt daha ciddi zərər çəksə də,
heç bir ölkə su çatışmazlığı, ərzaq qeyri-sabitliyi və
ekosistemlərin deqradasiyasının iqtisadi və sosial nəticələrindən
sığortalanmayıb. Əsas prioritet böhranlara reaksiya modelindən
dayanıqlığın proaktiv şəkildə gücləndirilməsinə keçiddir. Quraqlığa
hazırlıq, torpaq resurslarının dayanıqlı idarə olunması və
ekosistemlərin bərpasına yatırılan investisiyalar artıq baş vermiş
böhranların nəticələrinin aradan qaldırılmasına daimi reaksiya
verməkdən qat-qat daha iqtisadi səmərəlidir. Beynəlxalq əməkdaşlıq
həmçinin torpaq, iqlim, biomüxtəliflik və inkişaf gündəlikləri
çərçivəsində maliyyələşdirmə, siyasət və stimulları daha yaxşı
uzlaşdırmalı, eyni zamanda hökumətlər, şəhərlər, çoxtərəfli
institutlar, özəl sektor və yerli icmalar arasında tərəfdaşlıqları
gücləndirməlidir.
Bu kontekstdə Monqolustanda keçiriləcək UNCCD COP17 beynəlxalq
əməkdaşlıq üçün mühüm platformaya çevriləcək. O, torpaqların
bərpası və quraqlığa davamlılıq üzrə fəaliyyətlərin
sürətləndirilməsi üçün tərəfdaşlıqların, maliyyələşmənin və praktik
həllərin səfərbər olunmasına kömək edəcək, həmçinin COP16-da qəbul
olunmuş “Ər-Riyad Çağırışı”na uyğun olaraq şəhərlər və yerli
hakimiyyət orqanları ilə əməkdaşlığı gücləndirəcək”, – deyə o,
fikrini yekunlaşdırıb.

