
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq
şəhərində keçirilən MDB Parlament Assambleyasının 60-cı plenar
iclası çərçivəsində Belarus Respublikası Milli Assambleyası
Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə ölkələrimizin dostluq və qarşılıqlı etimad prinsiplərinə
əsaslanan əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf
etdiyi vurğulanıb. Azərbaycanla Belarusun əməkdaşlığının bugünkü
yüksək səviyyəyə çatmasında dövlət başçılarının səmimi
münasibətlərinin, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və siyasi
dialoqun mühüm rol oynadığı qeyd edilib.
Bildirilib ki, söhbət zamanı tərəflər ölkələrimiz və xalqlarımız
arasında münasibətlərin dərinləşməsində qanunvericilik orqanlarının
da töhfələrindən bəhs ediblər, parlamentlərarası əməkdaşlığın
uğurla davam etdiyini bildiriblər. Spiker Sahibə Qafarova Belarus
Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor
Sergeyenkonun bir neçə gün öncə Azərbaycana səfəri və tərəflər
arasında keçirilmiş görüşü, həmçinin özünün Belarusa, eləcə də
Natalya Koçanovanın Bakıya səfərlərini xatırladıb. O, parlament
rəhbərlərinin və deputatların səfərlərinin qanunverici orqanlar
arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini
deyib.
Qeyd olunub ki, Azərbaycan və Belarus parlamentləri ikitərəfli
müstəvidə səmərəli fəaliyyət həyata keçirməklə yanaşı, beynəlxalq
parlament təşkilatlarında, o cümlədən, Parlamentlərarası İttifaq,
MDB Parlament Assambleyası, Asiya Parlament Assambleyası kimi
təşkilatlarda da fəal əməkdaşlıq edirlər.
Natalya Koçanova ölkələrimizin iqtisadi, ticarət, mədəni və
digər istiqamətlər üzrə münasibətlərinin dinamik şəkildə inkişaf
etdiyini vurğulayaraq, parlamentlərarası əlaqələrin bu əməkdaşlığın
daha da genişlənməsinə töhfə verdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da
fikir mübadiləsi aparılıb.

