
Bakı. Trend:
Yerli xalqların bilik və təcrübələri keçmişə aid miras deyil, bu
gün və gələcəyin problemlərinin həlli üçün mühüm mənbədir.
Trend xəbər
verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı
direktoru Rəvan Həsənov Bakıda WUF13 çərçivəsində keçirilən “Yerli
xalqların hüquqları” üzrə dəyirmi masada deyib.
O bildirib ki, belə müzakirə platformaları yalnız fikir
mübadiləsi üçün deyil, real problemlərin həlli və əməkdaşlığın
inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
“İnanıram ki, bu dəyirmi masalar bizə real problemlərin həlli
üçün qərarlar qəbul etməyə kömək edəcək. Məqsəd yalnız bir-birimizi
dinləmək deyil, eyni zamanda əməkdaşlığımızı inkişaf etdirmək və
bir-birimizə dəstək olmaqdır”, – deyə o qeyd edib.
Rəvan Həsənov vurğulayıb ki, gələcəyin şəhərləri daha müasir,
daha səmərəli və bütün mədəniyyətlərə daha çox hörmət edən məkanlar
olmalıdır.
Onun sözlərinə görə, yerli xalqların yanaşmaları dayanıqlı
inkişaf baxımından mühüm nümunədir:
“Yerli xalqların torpağa münasibəti sahiblik üzərində deyil, onu
qorumaq və paylaşmaq prinsipi üzərində qurulub. Xüsusilə iqlim
dəyişiklikləri və ekoloji problemlərin artdığı bir dövrdə bu
düşüncə tərzi böyük əhəmiyyət daşıyır. Onlar təbii resurslara
hörmətlə yanaşır və qərarlarını icma maraqlarını nəzərə alaraq
qəbul edirlər. Bu isə bu gün dünyada ehtiyac duyduğumuz inkişaf
modelidir”.
İcraçı direktor qeyd edib ki, Azərbaycanda “yerli xalqlar”
termini istifadə olunmasa da, ölkə əsrlər boyu formalaşmış zəngin
etnik, dini və mədəni müxtəlifliyə malikdir.
“Azərbaycanda 30-dan çox xalqın nümayəndəsi müxtəlif dilləri,
mədəniyyətləri və inancları ilə birlikdə yaşayır. Multikulturalizm,
qarşılıqlı anlaşma və dinc birgəyaşayış bizim reallığımızdır. Bu,
təkcə həyat tərzimiz deyil, həm də dövlət siyasətidir”, – deyə o
bildirib.
Rəvan Həsənovun sözlərinə görə, multikulturalizm siyasəti ilə
yerli icmaların cəmiyyətə inteqrasiyası arasında mühüm oxşarlıqlar
mövcuddur.
“Hər iki yanaşma tanınma, iştirakçılıq və müxtəlif biliklərdən
qarşılıqlı şəkildə öyrənmək prinsiplərinə əsaslanır. Biz bu
siyasətə böyük önəm veririk”, – deyə o vurğulayıb.
O əlavə edib ki, Azərbaycan işğaldan azad edilmiş Qarabağ
bölgəsində aparılan yenidənqurma prosesində müasirlik, innovasiya
və müxtəliflik prinsiplərini bir araya gətirməyə çalışır.
“Şəhərlər bizim üçün yalnız daş, bina və ya infrastruktur deyil.
Biz mədəni irsi, dini ibadət məkanlarını, tarixi abidələri və
Azərbaycanda yaşayan bütün xalqların irsini qoruyuruq. Bu yanaşma
dövlətin bütün irsə bərabər dəyər verdiyini göstərir və cəmiyyətdə
sosial həmrəyliyin möhkəmlənməsinə xidmət edir”, – deyə o qeyd
edib.
Rəvan Həsənov sonda bildirib ki, yerli xalqların təcrübəsi
inkişafın yalnız irəliyə doğru hərəkət deyil, həm də köklərə,
tarixə və mədəniyyətə bağlı qalmaq olduğunu xatırladır.
“Son günlər ərzində bir-birimizdən çox şey öyrəndik, müxtəlif
baxışlarla tanış olduq. İnanıram ki, Bakı bundan sonra da
insanların bir araya gəldiyi və yeni əməkdaşlıqların təməlini
qoyduğu mühüm platforma olaraq qalacaq”, – deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün yekun günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhər rifahı məsələlərinə
dair müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
WUF13-ün ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti
və şəhərlərin dayanıqlılığı mövzularına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Həmçinin WUF13 çərçivəsində Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq baxımından mühüm platforma kimi təqdim olunan Mexiko
şəhərinin pavilyonunun açılışı olub.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzularda müzakirələr aparılıb.
Üçüncü günün ən diqqətçəkən hadisələrindən biri Azərbaycanın
Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma
memorandumu imzalanması olub.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişikliyi, inklüziv
şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına
həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmçinin Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə
olaraq “WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıq və qərarqəbuletmə”
(WUF13 NGO Forum) keçirilib.
Forumun beşinci günündə qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dəyişikliklərinə
davamlılıq, şəhər idarəçiliyində süni intellektin tətbiqi, “yaşıl”
urbanizasiya və sosial bərabərlik məsələlərinin müzakirəsi davam
etdirilib.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunan WUF13 forumu dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə
hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirib. Forumda iştirak üçün
dünyanın 182 ölkəsindən 40 mindən çox insan qeydiyyatdan keçib.

