WUF13-də humanitar minatəmizləmənin şəhərlərin yenidənqurulmasındakı rolu müzakirə olunub

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın ev sahibliyi etdiyi Birləşmiş Millətlər
Təşkilatının ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma
Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən
“Postmünaqişə dövründə şəhərlərin yenidən qurulması: Humanitar
minatəmizləmənin mühüm rolu” mövzusunda yan tədbir keçirilib.

Trend xəbər
verir ki, Azərbaycan pavilyonunda təşkil olunan tədbir ölkəmizin
üzləşdiyi mina problemini beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırmaq, mina təhlükəsinin bərpa və yenidənqurma prosesinə
təsirini vurğulamaq, eləcə də minatəmizləmə sahəsində qlobal
əməkdaşlıq və bərpa təcrübələrini müzakirə etmək məqsədilə dövlət
qurumları və beynəlxalq təşkilatların nümayəndələrini bir araya
gətirib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ANAMA-nın İdarə Heyətinin
sədri Vüqar Süleymanov bildirib ki, minatəmizləmə yalnız insanların
həyatını xilas edən humanitar fəaliyyət deyil, eyni zamanda bərpa
və yenidənqurmanın əsas təməlidir. Bu fəaliyyət yaşayış evlərinin
yenidən inşası, infrastrukturun bərpası, kənd təsərrüfatının
dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi
fəaliyyətin canlandırılması üçün zəruri şəraiti formalaşdırır.
“Böyük Qayıdış” Proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti
şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə
inteqrasiya edilib.

O vurğulayıb ki, mina təhlükəsi tək Azərbaycanda deyil, dünyanın
bir sıra ölkələrində bərpa prosesini ləngidir, inkişaf imkanlarını
məhdudlaşdırır və əhalinin təhlükəsizliyini risk altında saxlayır.
Məhz buna görə də bugünkü platforma xüsusi əhəmiyyət daşıyır. Mina
probleminin aradan qaldırılması yalnız milli səylərlə məhdudlaşmır,
davamlı beynəlxalq dəstək, tərəfdaşlıq, innovativ yanaşmalar və
qabaqcıl təcrübələrin paylaşılmasını zəruri edir.

ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənovun
moderatorluq etdiyi panel müzakirələrdə ANAMA-nın İdarə Heyəti
sədrinin müavini Samir Poladov, Avropa İttifaqının ölkəmizdəki
nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç, ADA
Universitetinin professoru, Meksikanın Azərbaycandakı keçmiş
fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini, AR Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarə edilməsi
şöbəsinin müdiri Ramil Cahangirov iştirak edib.

Şəhərlərin yenidənqurulmasının əsasını təşkil edən minatəmizləmə
fəaliyyəti və Azərbaycan təcrübəsi, münaqişədən sonrakı dövrdə
bərpa və yenidənqurmanı dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq,
minalardan təmizlənmiş ərazilərdə şəhərsalma və yenidənqurma
mözvularında panel müzakirələr keçirilib.

Yan tədbir münaqişədən sonrakı dövrdə təhlükəsiz və inklüziv
şəhərlərin yenidən qurulmasında humanitar minatəmizləmənin strateji
əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün yekun günü keçirilir.




Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhər rifahı məsələlərinə
dair müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

WUF13-ün ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti
və şəhərlərin dayanıqlılığı mövzularına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Həmçinin WUF13 çərçivəsində Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq baxımından mühüm platforma kimi təqdim olunan Mexiko
şəhərinin pavilyonunun açılışı olub.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzularda müzakirələr aparılıb.

Üçüncü günün ən diqqətçəkən hadisələrindən biri Azərbaycanın
Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma
memorandumu imzalanması olub.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişikliyi, inklüziv
şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına
həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.

Həmçinin Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə
olaraq “WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıq və qərarqəbuletmə”
(WUF13 NGO Forum) keçirilib.

Forumun beşinci günündə qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dəyişikliklərinə
davamlılıq, şəhər idarəçiliyində süni intellektin tətbiqi, “yaşıl”
urbanizasiya və sosial bərabərlik məsələlərinin müzakirəsi davam
etdirilib.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunan WUF13 forumu dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə
hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirib. Forumda iştirak üçün
dünyanın 182 ölkəsindən 40 mindən çox insan qeydiyyatdan keçib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir