“Best Managed Companies Azerbaijan 2026” layihəsinin qala gecəsi keçirildi

Baş səhifə

Bakı. Trend:

PAŞA Bank və Deloitte Private tərəfindən təşkil edilən “Best
Managed Companies Azerbaijan 2026” mükafatlandırma mərasiminin qala
gecəsi keçirilib.

20 may 2026-cı il tarixində Bakıda baş tutan mərasimdə
Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev,
PAŞA Bank-ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid
Quliyev, Deloitte Azərbaycan-ın idarəedici partnyoru Nuran Kərimov,
Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və PAŞA
Holding-in makroiqtisadi tədqiqatlar departamentinin direktoru
Elman Eminov natiq qismində çıxış ediblər.

Cavid Quliyev bildirib ki, “PAŞA Bank olaraq biz artıq beşinci
ildir ki, “Best Managed Companies” layihəsinin tərəfdaşıyıq. Çünki
inanırıq ki, güclü iqtisadiyyat ilk növbədə güclü idarə olunan
şirkətlər üzərində qurulur. Bu illər ərzində bir məqamı xüsusilə
müşahidə etmişik: uğurlu şirkətlər təsadüf nəticəsində yaranmır.
Onlar sistemli idarəetmə, maliyyə intizamı, insan kapitalına
yatırım və uzunmüddətli baxış nəticəsində formalaşır”.

Quliyev nitqində həmçinin bildirib ki, “Best Managed Companies”
proqramı biznes mükəmməlliyini, strateji idarəetməni və davamlı
inkişafı əsas meyar kimi qəbul edən beynəlxalq standartlara
əsaslanan müstəqil qiymətləndirmə platformasıdır.

Deloitte Azərbaycan-ın idarəedici partnyoru Nuran Kərimov qeyd
edib ki, “bu il “Best Managed Companies Azerbaijan” proqramının
ölkəmizdə beş illiyini qeyd edirik. Bu müddət ərzində proqram
yalnız şirkətlərin nailiyyətlərini qiymətləndirən platforma olmaqla
kifayətlənməyib, eyni zamanda Azərbaycanda korporativ idarəetmə
mədəniyyətinin inkişafına töhfə verən mühüm təşəbbüsə çevrilib. Bu
gün qalib olan şirkətlər bir daha göstərirlər ki, güclü liderlik,
strateji baxış və dayanıqlı idarəetmə prinsipləri uzunmüddətli
uğurun əsasını təşkil edir. Deloitte olaraq, Azərbaycan biznes
ekosistemində bu dəyərlərin təşviqinə bundan sonra da dəstək
verməyə davam edəcəyik”.




Qeyd edək ki, bu il keçirilən müsabiqənin qalibləri Araz
Supermarket, Azərsun Holdinq və CityNet şirkətləri olub.

“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin sponsoru
PAŞA Bank və Deloitte Private, tərəfdaşları isə Azərbaycan
Biznesinin İnkişafı Fondu, AmCham Azerbaijan, ADA Universiteti və
İctimai Televiziyadır.

Bu beynəlxalq müsabiqə Azərbaycanda 2021-ci ildən keçirilir.
İndiyədək 50-yə yaxın şirkət iştirak edib, 10-dan çox şirkət isə
“Best Managed Companies Azerbaijan” tituluna layiq görülüb.
Qaliblər sırasında Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup,
Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Cement
(iki dəfə qalib), Səba, OBA Market, Veysəloğlu Şirkətlər Qrupu (iki
il ardıcıl qalib), METAK (dörd il ardıcıl qalib və Qızıl Mükafat
laureatı) və Azərsun Holdinq yer alır.

Bu müsabiqə haqqında daha ətraflı məlumat üçün
sayta
keçid edin.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir