WUF13 çərçivəsində tarixi şəhərlərin rəqəmsal transformasiyası mövzusunda müzakirə keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində
(WUF13) “Tarixi şəhərlərin rəqəmsal transformasiyası: ağıllı irs,
məlumatlara əsaslanan idarəetmə və inklüziv şəhər gələcəyi”
mövzusunda panel müzakirəsi keçirilib.

Trend xəbər verir
ki, sessiya çərçivəsində iştirakçılar tarixi şəhərlərin idarə
olunmasında, mədəni irsin qorunmasında və şəhər idarəçiliyinin
səmərəliliyinin artırılmasında rəqəmsal texnologiyaların rolunu
müzakirə ediblər.

Panel müzakirəsində “ağıllı irs” sistemlərinin tətbiqi, turist
axınlarının optimallaşdırılması, nəqliyyat mobilliyinin idarə
olunması, şəhər xidmətlərinin rəqəmsallaşdırılması və məlumatlara
əsaslanan qərarların qəbulu məsələlərinə baxılıb. İçərişəhər, Şuşa
və Şəkinin timsalında tarixi ərazilərin idarə olunmasının praktiki
təcrübəsinə xüsusi diqqət yetirilib.

Tədbir çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarə Heyətinin sədri Rüfət Mahmud, Azərbaycan Memarlar İttifaqının
sədri Elbay Qasımzadə, həmçinin beynəlxalq memarlıq və ekspert
təşkilatlarının nümayəndələri çıxış ediblər.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
sonuncu günü keçirilir.

Forumun yekun gününün proqramı yerli xalqların və qadınların
şəhər inkişafındakı roluna həsr olunmuş dəyirmi masalarla
başlayacaq.

Günün ikinci yarısında isə WUF13-ün rəsmi bağlanışına həsr
olunmuş tədbirlər keçiriləcək. Forumun yekunlarına dair rəsmi
mətbuat konfransı baş tutacaq. Daha sonra forumun bağlanış mərasimi
keçiriləcək və WUF14-ə ev sahibliyi edəcək şəhərə rəmzi estafet
təqdim olunacaq. Günün sonunda isə WUF13 bayrağının endirilməsi
mərasimi təşkil ediləcək.




Forumun son günü boyunca iştirakçılar ötən beş gün ərzində
aparılan müzakirələrin nəticələrini ümumiləşdirəcək, şəhərsalma,
mənzil siyasəti və dayanıqlı inkişaf sahəsində gələcək əməkdaşlıq
istiqamətlərini müəyyənləşdirəcəklər.

WUF13-ün əvvəlki günlərində qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin qurulması, iqlim dəyişikliklərinə davamlılıq,
süni intellektin şəhər idarəçiliyində tətbiqi, yaşıl urbanizasiya
və sosial bərabərlik məsələləri geniş şəkildə müzakirə olunub.

Forumun dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr edilmiş sessiyalarla yadda qalıb. Həmin gün
keçirilən SPECA Şəhərlər Forumunda Almaty şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumu”nun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsinə qoşulduğu elan olunub.

Üçüncü gün çərçivəsində isə Azərbaycanın Shusha şəhəri ilə
Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.
Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, Mexico City pavilyonunun açılışı baş
tutub.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-də yekunlaşır. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir