
Bakı. Trend:
Mənzil yalnız əmtəə deyil, insan hüququdur.
Trend xəbər
verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı
direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən BMT-nin Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış
mərasimində deyib.
O bildirib ki, forum çərçivəsində dövlətlər, yerli və regional
hakimiyyət orqanları, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor
nümayəndələri və icmalar bir araya gələrək mənzilin insan
ləyaqətinin, inklüzivliyin, imkanların və iqlim dayanıqlılığının
təməli olduğu barədə ortaq mövqe ortaya qoyublar.
“Mənzil Dayanıqlı İnkişaf Məqsədlərinə, o cümlədən inklüziv,
təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin qurulmasına nail olmaq
üçün ən mühüm vasitələrdən biridir”, – deyə o qeyd edib.
Anaklaudiya Rossbax vurğulayıb ki, Yeni Şəhər Gündəliyinin
icrasının orta mərhələsinə çatıldığı bir vaxtda Bakıdan verilən
mesaj aydındır: qarşıdakı onillik sürətləndirilmiş icra,
genişmiqyaslı nəticələr və insanların həyatında ölçülə bilən
dəyişikliklərlə xarakterizə olunmalıdır.
UN-Habitat rəhbərinin sözlərinə görə, forum çərçivəsində
keçirilən altı dialoq, 10 xüsusi sessiya, 355-dən çox yan tədbir və
geniş sərgi şəhər inkişafının insan mərkəzli yanaşma əsasında
həyata keçirilməsinin vacibliyini bir daha nümayiş etdirib.
O qeyd edib ki, bunun üçün mənzil siyasətinin yenidən ictimai
məsuliyyət kimi qəbul edilməsi, şəhərlərin və icmaların
səlahiyyətləndirilməsi, məcburi köçürmələrin dayandırılması və
həssas qrupların müdafiəsi vacibdir.
“Eyni zamanda mənzil maliyyələşdirmə mexanizmləri transformasiya
edilməli, məlumat sistemləri gücləndirilməli və qərarlar etibarlı,
icma əsaslı məlumatlara söykənməlidir. Nəhayət, aydın hədəflər,
ölçülə bilən hesabatlılıq və icmalarla birgə fəaliyyətə əsaslanan
icra mexanizmləri qurulmalıdır”, – deyə Anaklaudiya Rossbax əlavə
edib.

