Yeni Şəhər Gündəliyinin icrası çoxtərəfli əməkdaşlıq tələb edir – Rohey Malik Lou

Baş səhifə

Bakı. Trend:

Yeni Şəhər Gündəliyinin uğurlu icrası yalnız siyasət məsələsi
deyil, həm də etimadın möhkəmləndirilməsi, demokratik idarəetmənin
inkişafı və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi ilə
bağlıdır.

Trend xəbər
verir ki, bunu Qambiyanın Banjul şəhərinin meri və REFELA Africa
təşkilatının prezidenti Rohey Malik Lou Bakıda keçirilən BMT-nin
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış
mərasimində deyib.

Onun sözlərinə görə, qlobal ictimaiyyət bu gün şəhərlərin və
icmaların gələcəyinin birgə fəaliyyət və əməkdaşlıqdan asılı
olduğunu daha aydın şəkildə dərk edir.

Rohey Malik Lou qeyd edib ki, Polşa və Malavinin rəhbərliyi ilə
Yeni Şəhər Gündəliyinin nəzərdən keçirilməsi və qiymətləndirilməsi
istiqamətində aparılan məsləhətləşmələr mühüm əhəmiyyət
daşıyır.

“Biz bu proseslərə göstərilən davamlı dəstəyi alqışlayır və
qlobal təşəbbüslərə konstruktiv töhfə verməyə hazır olduğumuzu
bildiririk. Çünki burada söhbət təkcə siyasətdən getmir. Bu,
etimadın qurulması, demokratik idarəetmənin möhkəmləndirilməsi və
XXI əsrdə çoxtərəfli əməkdaşlığın inkişafı məsələsidir”, – deyə o
vurğulayıb.

Çıxışının sonunda Rohey Malik Lou yerli və regional hakimiyyət
orqanları adından forumun təşkilatçılarına və iştirakçılarına
təşəkkür edib.

“Bir daha yerli və regional hakimiyyət orqanları adından hər
kəsə təşəkkür edir, bütün iştirakçılara təhlükəsiz yol və uğurlu
dönüş arzulayıram”, – deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir