Azərbaycan logistik bağlantının möhkəmlənməsinə töhfə verir – Əli Əsədov

Baş səhifə

Bakı. Trend:

Mayın 22-də Türkmənistanın paytaxtı Aşqabadda Müstəqil Dövlətlər
Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclası
keçirilib.

Trend xəbər
verir ki, iclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov
iştirak edib.

Baş nazir məhdud tərkibdə keçirilən iclasda çıxışı zamanı
humanitar əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, bu
sahə Birliyə üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin əsas
istiqamətlərindən biri olaraq qalır. Qeyd olunub ki, məhz humanitar
layihələr və təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşmanın,
ənənəvi dostluq münasibətlərinin və etimadın möhkəmləndirilməsi
üçün mühüm potensiala malikdir.

Bu kontekstdə Ə.Əsədov 2027-ci ildə Minsk şəhərinin, 2028-ci
ildə isə Karaqanda şəhərinin MDB-nin Gənclər Paytaxtı elan olunması
ilə bağlı qərarı alqışlayıb.

Azərbaycan Hökumətinin başçısı həmçinin qeyd edib ki, bu
günlərdə Bakıda dayanıqlı inkişaf, urbanizasiya və həyat
keyfiyyətinin yüksəldilməsi məsələlərinə həsr olunan ən böyük
beynəlxalq platformalardan biri – Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyası başa çatır. BMT-nin himayəsi altında keçirilən
forumun dünyanın 182 ölkəsindən 40 mindən çox nümayəndəni bir araya
gətirdiyi vurğulanıb.

Baş nazirin sözlərinə görə, forum çərçivəsində qlobal mənzil
böhranı, şəhərlərin dayanıqlı inkişafı, iqlim davamlılığı və
böhrandan sonrakı bərpa məsələləri də daxil olmaqla aktual qlobal
çağırışlar müzakirə olunub.

Ə.Əsədov Azərbaycanın MDB ölkələri ilə iqtisadi-ticari
əməkdaşlığının inkişafına xüsusi diqqət yetirib. Bildirilib ki, bu
sahədə münasibətlər ardıcıl şəkildə möhkəmlənir və müsbət dinamika
nümayiş etdirir. Xüsusilə qeyd olunub ki, 2025-ci ildə Azərbaycan
ilə MDB-yə üzv dövlətlər arasında ticarət dövriyyəsinin həcmi 10
faizdən çox artıb.

Baş nazir eyni zamanda qarşılıqlı ticarətin, investisiya
əməkdaşlığının daha da genişləndirilməsi və müxtəlif sahələrdə
birgə layihələrin həyata keçirilməsi üçün böyük potensialın mövcud
olduğunu da vurğulayıb.

Ə.Əsədov Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərindən
danışarkən qeyd edib ki, hazırda ölkədə sənaye, kənd təsərrüfatı,
nəqliyyat-logistika sahəsi və iqtisadiyyatın yüksək texnologiyalar
sektorları ardıcıl şəkildə inkişaf edir.

“Yaşıl” energetikanın inkişafının prioritet istiqamət olduğu
ayrıca vurğulanıb. Baş nazirin sözlərinə görə, ölkədə bərpaolunan
enerji mənbələri sahəsində həyata keçirilən irimiqyaslı layihələr
təkcə ekoloji dayanıqlığın möhkəmləndirilməsinə deyil, həm də
Azərbaycanın investisiya və ixrac potensialının genişlənməsinə
xidmət edir.

Ə.Əsədovun sözlərinə görə, Qarabağ bölgəsinin bərpasına xüsusi
diqqət yetirilir. Burada yaşıl enerji zonalarının yaradılması,
müasir infrastruktur həllərinin, innovativ texnologiyaların,
həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi
ilə keyfiyyətli yeni dayanıqlı inkişaf modeli həyata keçirilir.

Baş nazir bildirib ki, artıq bu gün Qarabağ bölgəsi iqtisadi
fəallıq, investisiya və dayanıqlı inkişaf üçün mühüm məkana
çevrilir.

Çıxış zamanı Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən
etibarlı nəqliyyat-logistika qovşağı kimi rolunu ardıcıl şəkildə
gücləndirdiyi də qeyd olunub. İri miqyaslı infrastruktur
layihələrinin həyata keçirilməsi və beynəlxalq nəqliyyat
dəhlizlərinin inkişafı ölkənin tranzit potensialının daha da
genişlənməsinə və Avrasiya məkanında logistik bağlantının
möhkəmlənməsinə töhfə verir.

Bundan başqa, Ə.Əsədov iqtisadiyyatın şaxələndirilməsi və
dayanıqlı artımın təmin olunmasına yönəlmiş genişmiqyaslı iqtisadi
təşəbbüslərin həyata keçirilməsinin fəallaşdığını qeyd edib.
Bununla əlaqədar bildirilib ki, 2025-ci ilin dekabrında texnologiya
sektorunun, innovasiyaların və rəqəmsal transformasiyanın sürətlə
inkişafını nəzərdə tutan Azərbaycanın 2026–2029-cu illər üzrə
Rəqəmsal İqtisadiyyatın İnkişaf Strategiyası təsdiqlənib.

Baş nazir bildirib ki, həyata keçirilən təşəbbüslərin məcmusu
qeyri-neft sektorunun dayanıqlı artımı və beynəlxalq iqtisadi
əməkdaşlığın genişlənməsi ilə yanaşı, texnologiyalara,
infrastrukturun inkişafına və regional inteqrasiyaya əsaslanan yeni
iqtisadi modelin formalaşmasına töhfə verir.

Ə.Əsədov çıxışının yekununda vurğulayıb ki, Azərbaycan
Respublikası MDB çərçivəsində daim mehriban qonşuluq, qarşılıqlı
hörmət və konstruktiv tərəfdaşlıq prinsiplərinə sadiq qalır.

Daha sonra hökumət başçıları iclası geniş tərkibdə davam
etdiriblər. İclasın yekununda bir sıra sənədlər imzalanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir