
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının
Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərivəsində mayın 22-də MDB
Parlamentlərarası Assambleyasının (MDB PA) 60-cı plenar iclasında
iştirak edib.
B u barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
İclasda çıxış edən Milli Məclisin sədri Assambleyanın
qanunverici orqanlarımız arasında dialoq və əməkdaşlığın
inkişafında mühüm rolunu, qarşılıqlı maraq doğuran geniş spektrli
məsələlərin müzakirəsi üçün platforma kimi çıxış etdiyini
vurğulayıb. Spiker Sahibə Qafarova bu baxımdan, Assambleya
tərəfindən həm müntəzəm qaydada tədbirlərin, iclasların və
seminarların keçirilməsinin, həm də onun yeni uğurlu ideya və
təşəbbüslərinin reallaşdırılmasının əhəmiyyətini qeyd edib.
Çıxışında Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyası haqqında tədbir iştirakçılarına məlumat verən Milli
Məclisin sədri qeyd edib ki, 17-22 may tarixlərində Bakıda
keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası
şəhərlərin davamlı inkişafı və urbanizasiya məsələlərinə həsr
olunmuş ən nüfuzlu və qlobal beynəlxalq tədbirlərdən biridir.
Bildirilib ki, Bakıda keçirilən 13-cü sessiya BMT-nin Məskunlaşma
Proqramı tərəfindən indiyədək təşkil edilmiş ən genişmiqyaslı
sessiyadır və 182 ölkədən rekord sayda – 45 000-dən çox iştirakçı
qeydiyyatdan keçib.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, bu sessiyanın Bakıda
keçirilməsi Azərbaycanın icmaları və ölkələri ortaq məqsəd
ətrafında birləşdirmək bacarığının qəbul olunmasını təsdiq edir.
Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılışında vurğuladığı
kimi, “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və həmişə
Şərqlə Qərbin qovuşduğu yer olub və belə də qalır”.
Milli Məclisin sədri bildirib ki, 13-cü sessiya çərçivəsində
Parlamentlərarası Assambleyanın “Dağ yaşayış məntəqələrinin davamlı
inkişafı” mövzusunda ayrıca tədbiri keçirilib. Assambleyanın bu
təşəbbüsünün bir çox Birlik ölkələri üçün xüsusi əhəmiyyət kəsb
edən dağ ərazilərinin inkişafına diqqəti yönəltməyə, habelə
məzmunlu və konkret təcrübə mübadiləsi aparmağa imkan verdiyi qeyd
olunub. Ölkələrimizin parlamentarilərinin bu müzakirələrdə fəal
iştirak etməsinin məmnunluq doğurduğu diqqətə çatdırılıb.
Spiker Sahibə Qafarova qeyd edib ki, Parlamentlərarası
Assambleya təkcə çoxtərəfli deyil, həm də parlamentlərimizin
ikitərəfli əməkdaşlığının inkişafına kömək edən platformadır. O,
bir neçə gün əvvəl Özbəkistan Respublikasının Buxara şəhərində
təşkil edilmiş İkinci Asiya Qadınlar Forumunda MDB PA-dan olan
digər həmkarları ilə birgə iştirakını diqqətə çatdırıb.
Spiker deyib ki, iyun ayında Azərbaycan Respublikasının Milli
Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında
əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın növbəti 24-cü iclası
keçiriləcək. O, eyni zamanda, MDB PA-nın humanitar əməkdaşlığı
gücləndirməyə yönəlmiş təşəbbüslərinin əhəmiyyətini qeyd edib.
Çıxışında, həmçinin MDB PA-nın seçkilərlə bağlı monitorinq
fəaliyyətinə toxunan Milli Məclisin sədri qurumun bu fəaliyyətinin
institusional təminatında MDB PA-nın Demokratiyanın,
parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət
olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutunun rolunu qeyd
edib.
Spiker Sahibə Qafarova xatırladıb ki, 8 dekabr 2025-ci il
tarixində Milli Məclis və Beynəlxalq İnstitutun Bakı filialının
birgə təşkilatçılığı ilə “Heydər Əliyev – suveren Azərbaycanın
konstitusionalizminin və parlamentarizminin banisi” mövzusunda
beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının
Konstitusiyasının 30 illiyinə və Azərbaycan parlamentinin 107
illiyinə həsr olunub. Bu konfrans Birlik ölkələrinin
parlamentarilərini, MDB PA Şurası Katibliyinin rəhbərliyini,
diplomatik korpusun nümayəndələrini, ali təhsil müəssisələrini və
ekspertləri bir araya gətirib.
Bir müddət öncə isə, mayın əvvəlində Bakı filialının inzibati
binasında MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi üzrə
Beynəlxalq İnstitutunun 20 illiyinə həsr olunmuş “Parlamentarilərin
beynəlxalq müşahidədə rolu” mövzusunda dəyirmi masa keçirilib.
Milli Məclisin sədri bildirib ki, MDB PA bu gün də parlamentlər
arasında müntəzəm qarşılıqlı fəaliyyətin effektiv platforması
rolunu etimadla davam etdirir. Spiker Assambleya çərçivəsində
əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi və
möhkəmləndirilməsi üçün gələcəkdə də birgə səylərin davam
etdiriləcəyinə əminliyini ifadə edib.

