“Bakı Fəaliyyətə Çağırış” – WUF13-ün yekun sənədinin mətni dərc olunub

Baş səhifə

Bakı.Trend:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasının (WUF13) yekunlaşması ilə əlaqədar olaraq, iştirakçılar
tərəfindən hazırlanmış və dünyada artmaqda olan mənzil böhranının
həlli istiqamətində səylərin yenilənməsinə çağıran yekun sənəd – “Bakı Fəaliyyətə Çağırış”ın (Baku Call to Action) son versiyası
dərc olunub.

Trend xəbər verir
ki, bu barədə cümə günü məlumat yayılıb.

Genişmiqyaslı və inklüziv məsləhətləşmə prosesi çərçivəsində
hazırlanmış “Bakı Fəaliyyətə Çağırış” WUF13 zamanı və Forum
ərəfəsindəki aylar ərzində aparılmış müzakirələrdə formalaşdırılmış
prioritetləri və tövsiyələri əks etdirir.

Hökumətlərarası razılaşdırılmış saziş funksiyası daşımayan “Bakı
Fəaliyyətə Çağırış” Forum çərçivəsində keçirilmiş müzakirələr və
irəli sürülmüş təkliflər nəticəsində müəyyənləşdirilən ümumi
prioritetləri və praktiki addımları özündə ehtiva edir. Sənəd
müxtəlif şəraitlərdə mənzil problemlərinin həlli istiqamətində
kollektiv məsuliyyət və daha sıx əməkdaşlıq üçün yol xəritəsi
rolunu oynamağı hədəfləyir.

Qiymətləndirmələrə əsasən, dünyada 2,8 milyard insan
qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır və sənəddə mənzil
təminatı sistemlərinə artan təzyiqlərin aradan qaldırılması üçün
bütün idarəetmə səviyyələrində daha qətiyyətli addımların
atılmasının vacibliyi vurğulanır.

“Bakı Fəaliyyətə Çağırış”ın əsas ideyalarından biri ondan
ibarətdir ki, mənzil məsələsi yalnız ev tikintisi kimi
qiymətləndirilməməlidir. Sənəd torpaq istifadəsi, infrastruktur,
nəqliyyat, ictimai xidmətlər və iqtisadi imkanlarla daha sıx
əlaqələndirilmiş mənzil sistemlərinin formalaşdırılmasına
çağırır.

WUF13 çərçivəsində keçirilən müzakirələrdə dəfələrlə vurğulanıb
ki, mənzil böhranı qiymət artımı, torpaq spekulyasiyası, məcburi
köçürülmə, zəif idarəetmə sistemləri və iqlim dəyişiklikləri də
daxil olmaqla bir-biri ilə əlaqəli amillərlə şərtlənir. “Bakı
Fəaliyyətə Çağırış”da qeyd olunur ki, bu problemlərin həlli
parçalanmış yanaşmalardan imtina edilərək daha kompleks və insan
yönümlü həllərə keçidi tələb edir.

Sənəddə mənzil və iqlim dəyişiklikləri arasında güclənən
qarşılıqlı əlaqəyə də geniş yer ayrılır. Bildirilir ki, mənzil
baxımından ən həssas əhali qrupları çox vaxt daşqınlar, ekstremal
istilər və ekoloji deqradasiya da daxil olmaqla iqlim risklərinə ən
çox məruz qalan təbəqələrdir.

“Fəaliyyətə Çağırış” təbiət yönümlü həllər, mövcud mənzil
fondunun modernləşdirilməsi və renovasiyası, icma səviyyəli
təşəbbüslər və təbii fəlakətlərə hazırlığın gücləndirilməsi kimi
yanaşmalar vasitəsilə iqlimə dayanıqlı mənzil sistemlərinə
investisiyaların artırılmasını tövsiyə edir.

Sənəd problemlərin sadalanması ilə kifayətlənməyərək icra
mexanizmlərinə və ortaq məsuliyyətə xüsusi diqqət ayırır. Burada
çoxsəviyyəli idarəetmənin gücləndirilməsinə, maliyyələşdirmə
mexanizmlərinin genişləndirilməsinə, məlumatlara çıxışın
yaxşılaşdırılmasına, yerli hakimiyyət orqanlarına dəstəyin
artırılmasına, eləcə də icmaların yerində həlləri həyata keçirmək
imkanlarının genişləndirilməsinə çağırış edilir.

WUF13 çərçivəsində aparılan müzakirələrdə qeyd olunduğu kimi,
bir çox həll yolları artıq dünyanın müxtəlif şəhərlərində,
icmalarında və tərəfdaş qurumlarında hazırlanır. Bakı Fəaliyyətə
Çağırışı bu təcrübəni birləşdirməyi və Forum başa çatdıqdan sonra
onun kollektiv fəaliyyətə çevrilməsini təşviq etməyi qarşıya məqsəd
qoyur.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası
(WUF13) mayın 17-dən 22-dək Bakıda keçirilib.
UN-Habitat tərəfindən çağırılan və Azərbaycan hökumətinin birgə
təşkilatçılığı ilə keçirilən forum “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr
olunub.

Forum çərçivəsində 579 sessiya keçirilib,” Urban Expo”
sərgisində isə 260 eksponent, innovator və həll təchizatçısı
iştirak edib. WUF13 forumu 11 dövlət başçısını, 9 yüksək səviyyəli
qonağı, 88 naziri və 76 nazir müavinini, həmçinin 130 meri,
beynəlxalq təşkilatların, maliyyə institutlarının, akademik
dairələrin, vətəndaş cəmiyyətinin və ictimai təşəbbüslərin
nümayəndələrini bir araya gətirib.

Forumun əsas yekunlarından biri “Bakı Fəaliyyətə Çağırış”
sənədinin təqdimatı olub. Vətəndaş cəmiyyəti təşkilatları, yerli
idarəetmə orqanları, təcrübəçilər, tədqiqatçılar və icma
nümayəndələri daxil olmaqla maraqlı tərəflərin iştirakı ilə
hazırlanan sənəd qlobal mənzil böhranı probleminə həsr olunub.
Sənəddə insan mərkəzli, inklüziv və iqlimə dayanıqlı yanaşma
əsasında əlçatan mənzil təminatı sahəsində siyasi öhdəliklərin
yenilənməsinə, həmçinin mənzil məsələlərinin həllində çoxsəviyyəli
idarəetmənin, investisiyaların və icmaların iştirakının
gücləndirilməsinə çağırış edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir