
Bakı. Trend:
Adrian Bird Böyük Britaniyanın Birgə Kəşfiyyat Təşkilatının yeni
rəhbəri olub.
Trend xəbər
verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.
Açıqlamada deyilir ki, Nazirlər Kabineti Baş nazirin təsdiqi ilə
Adrian Birdin Birgə Kəşfiyyat Komitəsinin (BKK) yeni sədri və Birgə
Kəşfiyyat Təşkilatının (BKT) rəhbəri təyin olunduğunu elan
edir.
Sənəddə qeyd olunur ki, Bird üç il bu vəzifədə çalışdıqdan sonra
istefa verən Madeleine Alessandrini əvəz edəcək.
Bird hazırda Müdafiə Nazirliyində Müdafiə Kəşfiyyatı
direktorudur və əvvəllər yüksək vəzifələrdə çalışıb.
Birdin yeni vəzifəsinin icrasına iyulun 3-də başlayacağı
gözlənilir.
Birgə Kəşfiyyat Təşkilatı Böyük Britaniya Nazirlər Kabineti
Ofisinin tərkibindəki bir departamentdir və Birgə Kəşfiyyat
Komitəsinin nəzdində fəaliyyət göstərir.
Onun səlahiyyətinə Baş nazir, nazirlər və Milli Təhlükəsizlik
Şurası üçün müxtəlif kəşfiyyat agentlikləri və departamentlərindən
məlumatları toplamaq, təhlil etmək və qiymətləndirmək daxildir.

