
Bakı. Trend:
Böyük Britaniyada İranla müharibənin ilk təsirləri özünü
göstərməyə başlayıb. Ölkədə işsizlik səviyyəsi gözlənilmədən artıb
və boş iş yerlərinin sayı son beş ildə ən aşağı səviyyəyə
düşüb.
Trend xəbər verir ki,
analitiklər işsizliyin 4,9 faiz artmasının Yaxın Şərqdəki
müharibənin əmək bazarına ilk təsirlərini əks etdirdiyini
bildiriblər. Onlar münaqişə davam etdikcə, əmək tələbatının da
azalacağı barədə xəbərdarlıq ediblər.
BBC-nin məlumatına görə, artan işsizlik əməkhaqqı artımının
yavaşlaması ilə birlikdə İngiltərə Bankına inflyasiyanı cilovlamaq
üçün faiz dərəcələrini artırıb-artırmamaq barədə qərar vermək üzrə
daha çox vaxt verəcək.
“Qonaqlama və pərakəndə satış kimi aşağı maaşlı sektorlarda həm
son aylarda, həm də son bir ildə iş yerlərinin boşalması və işçi
sayında ən böyük azalmalar müşahidə olunub”, – deyə Milli
Statistika İdarəsinin (ONS) iqtisadi statistika üzrə direktoru Liz
MakKeon bildirib. Bu qurumun məlumatına görə, aprel ayında ödənişli
məşğulluqda olan insanların sayı təqribən 100 min nəfər azalıb.
İngiltərə və Uelsin diplomlu mühasiblər təşkilatı olan ICAEW
məşğulluq məlumatlarının Böyük Britaniyanın əmək bazarında artan
böhranı göstərdiyini bildirir.

