
Bakı. Trend:
İrlandiyanın paytaxtı Dublində diaspor tarixində ilk dəfə
Azərbaycan icması ilə görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata
görə, 28 May- Müstəqillik Günü ərəfəsində Dublin və ətraf
şəhərlərdə yaşayan azərbaycanlıların iştirakı ilə keçirilən görüşdə
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad
Muradov iştirak edib.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin
səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından
keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Fuad Muradov deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən diaspor siyasətinin uğurlu nəticəsidir ki, bu gün
xaricdəki icmalarımız daha sıx birləşir. Diaspor təşkilatlarının
əlaqələrinin güclənməsi, vahid mövqedən çıxış etməsi və
dövlətimizin milli maraqlarını layiqincə müdafiə etməsi Azərbaycan
diasporunun artan nüfuzunun bariz göstəricisidir”.
Sədr, həmçinin dünya azərbaycanlılarının vahidliyini təmin edən
Koordinasiya şuralarının, Azərbaycan evlərinin, habelə həftəsonu
Azərbaycan məktəblərinin fəaliyyətinə, komitənin kommunikasiya
siyasətinə toxunub, İrlandiyada yaşayan azərbaycanlıların diaspor
işindəki aktivliyini yüksək qiymətləndirib.
İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri
Toni Makkormak, Azərbaycanın İrlandiyadakı ilk fəxri konsulu Terri
Leyden, Türkiyənin İrlandiyadakı səfirliyinin ikinci katibi Pınar
Çetin ölkələrimiz arasında əlaqələrin inkişafını və Azərbaycan
diasporunun təcrübəsini müsbət qiymətləndirib, interaktiv,
məhsuldar şəraitdə keçən görüşdən xoş təəssürat qazandıqlarını dilə
gətiriblər.
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığındakı səfirliyinin birinci katibi Eltay Aslanov
soydaşlarımızla görüşü yüksək qiymətləndirib, İrlandiyada icmalaşma
prosesinin sürətləndiyini bildirib.
İrlandiyada fəaliyyət göstərən “Anna və Əşrəf” musiqi məktəbinin
təsisçisi Əşrəf Tağıyev İrlandiyadakı soydaşlarımızın gördüyü
işlərdən danışıb, Azərbaycanın zəngin mədəni irsinin, incəsənətinin
yerli cəmiyyətə tanıdılmasında bu ölkədəki icmanın mühüm rol
oynadığını bildirib.
Tədbirdə dövlətimizin başçısının çıxışlarının yer aldığı
videoçarxlar nümayiş etdirilib.
Soydaşlarımız İrlandiyadakı icmaya göstərilən diqqət və qayğıya
görə Azərbaycan dövlətinə dərin minnətdarlıqlarını ifadə
ediblər.
İcma görüşündə diaspor fəaliyyətindəki təcrübələr və ortaq
hədəflər ətrafında konstruktiv fikir mübadiləsi aparılıb,
iştirakçılar perspektivə dair təklif və suallarını
səsləndiriblər.
Daha sonra İrlandiya Azərbaycanlıları Koordinasiya Şurasının
yeni koordinatoru seçilib.
Görüş 28 May – Müstəqillik Gününə həsr edilən bədii hissə ilə
yekunlaşıb.

