
Bakı. Trend:
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə kütləvi raket
zərbələri nəticəsində mülki infrastrukturlara ciddi ziyan
dəyib.
Trend xəbər verir ki,
raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinin
yerləşdiyi Şevçenko rayonu ərazisinə hədəflənib. Bəzi raketlər isə
səfirlikdən 300 metr məsafəyə düşüb. Hava zərbələri nəticəsində
səfirliyin pəncərələri sınıb.
Səfirliyə yaxın ərazilərə raket zərbələrinin vurulması
nəticəsində “Lukyanovka” bazarı və “Kvadrat” ticarət mərkəzi
tamamilə yanaraq məhv olub. Həmçinin bəzi yaşayış binalarında da
dağıntılar qeydə alınıb.
Kiyev şəhər meri Vitali Kliçkonun açıqlamasına görə, hava
zərbələri nəticəsində azı iki nəfər həlak olub, 40-dan çox insan
isə xəsarət alıb. Yaralıların 28-i xəstaxanaya yerləşdirilib,
onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.
Dağıntılar təmizləndikdən sonra həlak olan və xəsarət alanların
sayında dəyişikliyin olacağı istisna deyil.

