
Bakı. Trend:
Bakı şəhəri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13)
sessiyasına ev sahibliyi etdiyi günlərdə paytaxtın incisi olan
İçərişəhər möhtəşəm mədəniyyət və əyləncə mərkəzinə çevrilib.
Trend xəbər verir ki,
bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Mətbuat
xidmətindən bildirilib.
“Mayın 18-dən 24-dək davam edən genişmiqyaslı proqram
çərçivəsində qədim qoruğun müxtəlif məkanlarında interaktiv,
inklüziv və yaradıcı layihələr həyata keçirilir. Tədbirlər həm
şəhər sakinlərinin, həm də xarici qonaqların böyük marağına səbəb
olub.
İlk günlərdən etibarən Qız Qalası meydanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Turizm Bürosunun birgə
təşkilatçılığı ilə qastro-zona fəaliyyət göstərib, milli mətbəx
nümunələri təqdim olunub və şirniyyatların hazırlanması üzrə ustad
dərsləri keçirilib. Şəhərsalma mövzusuna uyğun olaraq tortlardan
Qız Qalası, Flame Towers və digər memarlıq simvollarının xüsusi
dizaynlı maketləri hazırlanıb.
Azyaşlılar üçün xüsusi rəsm və heykəltəraşlıq pavilyonları
təşkil olunub. Rəssamların iştirakı ilə həyata keçirilən “Graffiti
Jam” layihəsi isə ziyarətçilər tərəfindən böyük maraqla
qarşılanıb.
21 may tarixində “Gələcəyin memarları” layihəsi çərçivəsində
uşaqlar tərəfindən təqdim olunan “Mehriban şəhər” adlı futuristik
layihələrin sərgisi qonaqların diqqət mərkəzində olub. Uşaqlar
canlı molbertlər obrazında hazırladıqları kreativ memarlıq
kompozisiyaları ilə forum iştirakçılarının böyük rəğbətini
qazanıblar.
Eyni zamanda, 20–22 may tarixlərində Qoşa Qala meydanında
Ümumdünya Şəhərsalma Forumunun çərçivəsində Şəhərsalma Yarmarkası
təşkil edilib. Yarmarka çərçivəsində yerli brendlərin tanıtım və
satış sərgisi təşkil olunub. Bundan əlavə, 20–22 may tarixlərində
Qoşa Qala meydanında möhtəşəm konsert proqramları təşkil olunub və
tədbir iştirakçılarına unudulmaz musiqi axşamları bəxş edilib. Bakı
Xanları Parkında ənənəvi əl işlərindən ibarət sərgi-satış
yarmarkaları təşkil edilərək yerli kiçik biznes sahibkarlarına
dəstək göstərilib və yarmarka mayın 24-dək davam edəcək. Həmçinin,
20–24 may tarixlərində Qız Qalası meydanında “Game Urban” zonası
çərçivəsində qurulan masaüstü oyunlar hər yaşda olan qonaqlar üçün
interaktiv əyləncə imkanları təqdim edir”, – deyə məlumatda
bildirilir.

