
Bakı. Trend:
Fransanın paytaxtı Parisdə mühafizə olunan avtodayanacaqdan lüks
avtomobillərin kütləvi oğurluğunda iştirak edən cinayətkar
qruplaşmanın bir neçə üzvü həbs edilib.
Trend xəbər verir ki,
bu barədə “Le Figaro” qəzeti yazıb.
Paris Prokurorluğundakı mənbənin nəşrə verdiyi məlumata əsasən,
oğurlanan 27 avtomobildən 21-i artıq aşkar olunub. Tapılan
avtomobillər arasında ümumi dəyəri təxminən 2 milyon avro olan
“Porsche”, “Ferrari” və “Maserati” markaları da var.
Məlumata görə, aşkar edilən nəqliyyat vasitələrinin bir qismi
zədələnib, bəziləri isə qismən yandırılmış vəziyyətdə olub.
Cinayətkarların avtomobilləri Fransanın müxtəlif bölgələrinə
aparmağa nail olduqları bildirilir. Maşınların böyük hissəsi Paris
regionunda tapılsa da, bir neçəsi Nant və Lion şəhərlərində müəyyən
edilib.
İstintaq materiallarına əsasən, mayın 16-dan 17-nə keçən gecə
Parisin XV dairəsində baş verən kütləvi avtomobil oğurluğunda
təxminən 50 nəfərin iştirak etdiyi ehtimal olunur. Bu nəticə
müşahidə kameralarının görüntülərinin araşdırılması zamanı ortaya
çıxıb. Bildirilir ki, şübhəlilər əvvəlcə giriş qapısını sındıraraq
dayanacağa daxil olub, daha sonra isə avtomobillərin açarlarını və
sənədlərini ələ keçiriblər.

