
Bakı.Trend:
Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək sərgidə 45 ölkədən
şirkətlər iştirak edəcək.
Trend xəbər verir
ki, bu barədə “Caspian Event Organisers” şirkətinin icraçı
direktoru Bəhruz Hidayətzadə Bakı Enerji Həftəsi və “TransLogistica
Caspian” sərgisinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tədbir artıq 31-ci dəfə keçirilir və ötən
onilliklər ərzində regional və qlobal enerji sahəsində tanınan
brend kimi formalaşıb.
B.Hidayətzadə qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, Bakı
Enerji Həftəsi bu il də müxtəlif ölkələrdən yüksəksəviyyəli dövlət
nümayəndələrini, eləcə də qlobal enerji şirkətlərinin rəhbərlərini
bir araya gətirəcək.
O bildirib ki, tədbir biznes və strateji dialoq, həmçinin
beynəlxalq əməkdaşlığın inkişafı üçün platforma rolunu davam
etdirəcək.
Şirkətin icraçı direktoru bildirib ki, bu il ilk dəfə olaraq
Bakı Enerji Forumunun açılışı iyunun 1-də Bakı Ekspo Mərkəzində
keçiriləcək, forumun növbəti sessiyaları isə Bakı Konqres
Mərkəzində baş tutacaq.
Onun sözlərinə görə, sərgidə beynəlxalq və yerli təşkilatlar
daxil olmaqla 45 ölkədən şirkətlər iştirak edəcək.
B.Hidayətzadə tədbirin keçirildiyi ilk ildən etibarən ona dəstək
göstərdiyinə görə Azərbaycan Respublikasının Energetika
Nazirliyinə, həmçinin Bakı Enerji Həftəsinin baş tərəfdaşı olan
SOCAR-a və tədbirin bütün sponsorlarına təşəkkürünü ifadə edib.
O həmçinin qeyd edib ki, tədbir çərçivəsində panel müzakirələri,
təqdimatlar, inkişaf sessiyaları və sənədlərin imzalanma
mərasimlərini əhatə edən zəngin işgüzar proqram nəzərdə
tutulub.
Bundan əlavə, B.Hidayətzadənin sözlərinə görə, iyunun 1-dən
3-dək paralel olaraq keçiriləcək “TransLogistica Caspian” sərgisi
də logistika və nəqliyyat sahəsində region üçün aktual məsələlərin
müzakirəsi baxımından səmərəli platformaya çevrilib.

