
Bakı. Trend:
ABŞ-nin iri neft-qaz şirkətləri Bakı Enerji Forumunda iştiraka
maraq göstəriblər və onların tədbirdə fəal iştirakı gözlənilir.
Trend xəbər verir
ki, bu barədə Bakı Enerji Həftəsinin layihə rəhbəri Nailə Əliyeva
Bakı Enerji Həftəsi və “TransLogistica Caspian” sərgisinə həsr
olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Bakı Enerji Həftəsi 31-ci Beynəlxalq “Xəzər
Neft və Qaz” sərgisini, 14-cü Beynəlxalq “Caspian Power” sərgisini
və 31-ci Bakı Enerji Forumunu bir araya gətirir.
“Bu il Bakı Enerji Həftəsində iştirakını 45 ölkədən 274 şirkət
təsdiqləyib. Bununla yanaşı, iştirakçıların 35 faizi sərgi və
forumda ilk dəfə iştirak edəcək”, – deyə o bildirib.
Onun sözlərinə görə, Almaniya və Rusiya milli pavilyonlarla
təmsil olunacaqlar.
Layihə rəhbəri qeyd edib ki, tədbirin iştirakçıları və
sponsorları sırasında ABB, BP, “ExxonMobil”, “Nobel Energy”, SLB, “TotalEnergies”, “Türkiye Petrolleri”, “Axpo” və digər beynəlxalq
şirkətlər yer alır.
O həmçinin bildirib ki, tədbirin rəsmi bankı PASHA Bank, rəsmi
avtomobil sponsoru “Azəri-Yurd”, forumun intellektual tərəfdaşı “Boston Consulting Group”, məsləhətçi tərəfdaşı isə “Deloitte”dir.

