
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti
Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın
təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin
görülməsini davam etdirir.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti
tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2
ünvanında yerləşən “Eurohome” tikinti materiallarının satışı
bazarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində
bir sıra nöqsanlar aşkar edilib. Belə ki:
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması
Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın
təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün
kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi
sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, izolyasiyası
zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və
elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;
– obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə
tam təmin edilməyib, mövcud qurğu isə nasaz vəziyyətdədir;
– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin
edilməyib;
– bəzi divar və tavan hissələri yanar material olan lambirlə
üzlənilib, taxta konstruksiyalara isə odadavamlı məhlul
hopdurulmayıb;
– obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
– insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı
göstəricilər quraşdırılmayıb;
– obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi
zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə
razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş,
Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən
“Eurohome” tikinti materiallarının satışı bazarınının fəaliyyətinin
dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi
obyektin nümayəndəsinə təqdim edilib.

