
Bakı. Trend:
Azərbaycan Dəmir Yolları Bakı–Tbilisi–Bakı marşrutu üzrə
sərnişin daşımalarını bərpa edib.
Trend xəbər verir ki,
ilk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da yola
salınıb.
Bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin
istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar
hərəkət edəcək.
Sərnişinlərə komfort, komfort+ və lüks siniflər üzrə xidmət
göstəriləcək.
Yeni nəsil hərəkət tərkiblərində daha yüksək komfort, müasir
interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun
səyahət şəraiti təqdim edilir.
Qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün
saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola
düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.
Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan
sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.
Bakı–Tbilisi–Bakı qatarları Azərbaycan ərazisində Bakı Dəmiryol
Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik
stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və
Tbilisi Dəmiryol Vağzalında dayanacaq.

