
Bakı. Trend:
Fransanın Milli Demoqrafik Tədqiqatlar İnstitutu (INED)
tərəfindən aparılan araşdırma ölkə əhalisinin formalaşmasında
immiqrasiyanın yaratdığı dərin dəyişiklikləri vurğulayıb.
Uzunmüddətli dövrdə immiqrasiyanın dərindən təsir göstərdiyi bir
cəmiyyət formalaşıb.
Trend xəbər verir ki,
bu nəticə INED-in “Trajectoires et Origines 2” adlı yeni
tədqiqatının çərçivəsində verilib. Statistika və İqtisadi
Tədqiqatlar Milli İnstitutu (INSEE) ilə birgə aparılan bu geniş
araşdırma ölkədə əhalinin strukturunda immiqrantların yaratdığı
dəyişikliklərin miqyasını göstərir. Tədqiqatın ilk nəticəsinə görə,
yaxın gələcəkdə immiqrasiyanın əhalinin böyük hissəsinə təsiri
olacaq. Tədqiqatçılara əsasən, əhalinin 41 faizinin valideynləri,
həyat yoldaşları immiqrantdır. Getdikcə daha çox nikahlar
immiqrantlarla bağlanır.
18-59 yaşda əhalinin 13 faizi immiqrant, 11 faizi birbaşa
immiqrant övladı, 10 faizi isə üçüncü nəslə aiddir, yəni ən azı bir
nənə və ya babası immiqrantdır. INED tədqiqatçısı Kris Bomşemin
sözlərinə görə, hər üç nəfərdən biri mənşə baxımından
immiqrantdır.
Araşdırma Fransada immiqrant mənşəyinin dəyişdiyini də göstərir.
18-59 yaşlı immiqrantlar arasında 32 faizi Məqrib ölkələrindən, 28
faizi Avropadan, 20 faizi Sub-Sahara Afrikasından, 16 faizi
Asiyadan və 5 faizi dünyanın digər bölgələrindən gəlir. Fransanın
tarixi immiqrasiya axınlarına uyğun olaraq, daha yaşlı nəsillərdə
avropalı immiqrantlar üstünlük təşkil etsə də, 25 yaşdan aşağı
olanlarda Afrika mənşəli nəsillər artıq çoxluq təşkil edir.
Araşdırmanın digər mühüm nəticəsinə görə, yeni gələn
immiqrantların təhsil səviyyəsi artmaqdadır. 1989-cu ildən əvvəl
immiqrantların 29 faizi Fransaya gəlməzdən əvvəl ali təhsil
almışdısa, 2009-cu ildən sonra bu göstərici 53 faizə yüksəlib.
Nəticədə bakalavriatdan yuxarı təhsil alanların payı artıq
miqrasiya mənşəyi olmayan əhalidən də yüksəkdir. Tədqiqatçılar bunu
seçim effekti ilə izah edirlər: Fransaya köçən şəxslər çox vaxt
mənşə ölkələrinin ən savadlı təbəqələrindən olur.
INED tədqiqatçılarından Patrik Simonun sözlərinə görə,
sosial-mədəni inteqrasiya kifayət qədər güclü şəkildə baş verir.
Qarışıq nikahlar da bunu təsdiqləyir: immiqrant övladlarının
yarısının bir valideyni immiqrant deyil. Sonda qeyd olunur ki,
immiqrantların təxminən beşdəbiri Fransada olduqları müddətdə
müəyyən dövrdə sənədsiz statusda olduqlarını bildirib. Bu isə
ölkənin deportasiya və miqrasiya nəzarəti siyasətinin effektivliyi
ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Xatırladaq ki,
IFOP-un aprel ayında keçirdiyi sorğuya görə, fransızların 60 faizi
əhalinin mənşəyinin dəyişməsi fikrini səsləndirir və 66 faizi bu
barədə narahatlıq ifadə edir.

