Bakı–Tbilisi–Bakı reysləri ilə bağlı əcnəbilərə müraciət edilib

Baş səhifə

Bakı.Trend:

Azərbaycan vətəndaşları, eləcə də Azərbaycana vizasız gəlmək
hüququ olan xarici ölkə vətəndaşları Bakı–Tbilisi–Bakı marşrutu
üzrə dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxış edə bilərlər.

Trend xəbər
verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) vətəndaşlara
müraciətində qeyd olunub.

Məlumata görə, ölkəyə səfər edən əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının miqrasiya
qanunvericiliyinin tələblərinə riayət etməlidirlər.

Bildirilir ki, qanunvericiliyə əsasən, ölkə ərazisində 15 gündən
artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Viza tələb olunmayan
qaydada Azərbaycana gələn şəxslərin ölkədə müvəqqəti qalma müddəti
beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla 90
gündən artıq ola bilməz. Rusiya Federasiyası vətəndaşları üçün isə
bu müddət bir təqvim ili ərzində 90 gün müəyyən edilib.




Sərnişinlərin rahatlığının təmin olunması və əlavə prosedurlar
səbəbindən yarana biləcək gecikmələrin qarşısının alınması
məqsədilə miqrasiya qanunvericiliyinin tələblərini pozması ehtimal
edilən şəxslər ölkədən çıxışadək regional miqrasiya baş
idarələrinə, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən
“miqrasiya xidmətləri” pəncərələrinə müraciət edə bilərlər.

Həmçinin, xidmətin rəsmi internet səhifəsinin “Elektron
xidmətlər” bölməsi vasitəsilə miqrasiya qanunvericiliyinin
pozulmasına görə tətbiq edilən məhdudiyyətlər barədə məlumat əldə
etmək mümkündür.

Qeyd olunub ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən
qatarın dayanacağı Böyük Kəsik dəmir yolu stansiyasında Dövlət
Miqrasiya Xidmətinin fəaliyyəti təmin edilib. Qatarın stansiyada
dayandığı müddətdə xarici vətəndaşlara və vətəndaşlığı olmayan
şəxslərə miqrasiya xidmətləri operativ qaydada göstərilir.

Əlavə məlumat üçün vətəndaşlar Dövlət Miqrasiya Xidmətinin 919
Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına və ya
[[email protected]](mailto:[email protected]) elektron poçt
ünvanına müraciət edə bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir