Sosial media qadınları qeysəriyyəyə sürükləyir – Səhiyyə Nazirliyinin eksperti

Baş səhifə

Bakı. Trend:

Hər bir qadın fizioloji hamiləlik zamanı yalnız normal doğuş
barədə düşünməli və ona hazırlaşmalıdır, çünki bu, aksiomadır –
normal hamiləlik normal doğuşla nəticələnməlidir.

Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
efirində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ginekoloq Nigar
Axundova açıqlayıb.

Onun sözlərinə görə, bəzi situasiyalarda normal gedişat
patologiyaya çevrilir və artıq burada həm həkim, həm də hamilə
qadın hər bir riski düşünüb qərar verməlidir:




“Hazırda dünyada qeysəriyyə kəsiyi əməliyyatlarının payı
artaraq, təxminən 20-25%-ə çatıb. Bu göstərici bəzi ölkələrdə
50%-dən yuxarıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə,
bu göstərici 10-15%-dən yuxarı olmamalıdır. Məlumdur ki, qeysəriyyə
kəsiyinə xüsusi göstərişlər olmalıdır və əməliyyat həkim
konsiliumun qərarı ilə aparılır. Bəzən elə təcili situasiya olur
ki, həkim təkbaşına (anestezioloq və digər cərrah ilə) bu qərarı
verməli olur, lakin tibbi sənədləşdirmədə bu qərar öz izahını
mütləq tapmalıdır. Məsələn, kəskin qanaxma, ciftin erkən ayrılması,
köndələn vəziyyət, kliniki dar çanaq, uşaqlıqda çapıq (əsasən
yararsız), miomalar, şişlər, dölün doğuş zamanı hipoksiyası, doğuş
fəaliyyətinin zəifliyi, sağrı gəlişi, ağır ekstragenital
xəstəliklər, ağır preeklampsiya (eklampsiya), EKM ilə hamiləlik,
qadının yaşı və uzun müddət sonsuzluğun olması, ağır vaginizm
(psixoloji pozulmalarla) və s. kimi hallarda bu qərar verilir”.

Mütəxəssis-ekspert qeyd edib ki, qadınların cərrahi doğuşa
meylliyinin bir səbəbi də son zamanlar sosial mediada yayılan saxta
məlumatlardır:

“Onlar qadınlarda normal doğuşdan qorxma və qaçma meyilini
artırır, qadının özünə güvənini azaldır. Bəzən hətta qeysəriyyə
kəsiyi ilə yanaşı plastik əməliyyatlar da həkim-ginekoloq
tərəfindən aparılır (abdominoplastika, vaginoplastika, hətta
mammoplastika) və bu tamamilə yanlış yanaşma olduğundan ciddi
fəsadlar yarada bilər. Ən əsası, qadını psixoloji cəhətdən düzgün
hazırlamaq lazımdır. “Ağrısız doğuş” anlayışı var, “epidural”
anesteziya ilə ağrıların azalmasına nail olduqda doğuş da daha
rahat keçir. Bəzi hallarda isə öncədən bir psixoloqun da yardımı
vacib olur. Əsasən də qeyd etmək istəyirəm ki, dünyada ana
ölümlərinin və ağırlaşmaların statistikasında qeysəriyyə kəsiyi
üstünlük təşkil edir. Ona görə də seçim və qərar tək qadının deyil
– bütün hamiləlik (doğuş) zamanı ona nəzarət edən həkimlərin (tibbi
personalın) konsilium qərarına əsaslanmalıdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir