
Bakı. Trend:
Azərbaycanda “Maliyyə icarəsi haqqında” yeni Qanun qəbul
edilib.
Trend-in
məlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında yeni qanun
layihəsi müzakirəyə çıxarılıb.
Bildirilib ki, “Maliyyə icarəsi haqqında” qanun layihəsi bu
sahədə hüquqi bazanın təkmilləşdirilməsi və bazarın inkişaf
etdirilməsi, kiçik və orta sahibkarlığın maliyyəyə çıxışını
asanlaşdırmaq məqsədilə hazırlanıb.
Layihənin əsas yeniliklərindən biri milli qanunvericilikdə
istifadə olunan “lizinq” termininin “maliyyə icarəsi” termini ilə
əvəz edilməsidir. Beynəlxalq praktikada “financial lease” kimi
tanınan bu anlayış bir sıra ölkələrdə də milli dillərə uyğun
tərcümə edilərək istifadə olunur. Azərbaycanda isə bu dəyişiklik
terminoloji vahidliyin təmin olunmasına və xidmətin mahiyyətinin
daha aydın başa düşülməsinə xidmət edəcək.
Hazırda Mülki Məcəllənin “Lizinq” adlanan fəsli əslində maliyyə
icarəsi münasibətlərini tənzimləyir, “maliyyə lizinqi” termini isə
əsasən Vergi Məcəlləsində istifadə olunur. Yeni qanunun qəbul
edilməsi ilə terminlər eyniləşdiriləcək və bu sahədə hüquqi
müəyyənlik gücləndiriləcək. Bu, həm də xidmətin kredit deyil, icarə
münasibəti olduğunu daha dəqiq şəkildə ortaya qoyacaq.
Maliyyə icarəsi iqtisadi dövriyyənin genişlənməsində, xüsusilə
sahibkarların maliyyəyə çıxış imkanlarının artırılmasında mühüm rol
oynayır. Bununla belə, mövcud normativ baza bu sahənin inkişafını
tam təmin etmir, əsas xüsusiyyətlər qanunvericilikdə kifayət qədər
əks olunmur və prudensial nəzarət mexanizmləri mövcud deyil. Bu isə
maliyyə icarəsi verənlərin əlavə maliyyə resursları cəlb etməsini
çətinləşdirir.
Layihə maliyyə icarəsi fəaliyyətinin təşkilati, hüquqi və
iqtisadi əsaslarını, subyektlər arasında münasibətlərin qurulması,
dəyişdirilməsi və xitam verilməsi qaydalarını, eləcə də dövlət
tənzimlənməsi və nəzarət mexanizmlərini müəyyən edir. Maliyyə
icarəsi mexanizmi həm icarəçi, həm icarəyə verən, həm də satıcı
üçün iqtisadi fayda yaradır və bazar dövriyyəsinin çevikliyini
artırır.
Qanun layihəsinə əsasən, maliyyə icarəsi alanlar yalnız hüquqi
şəxslər və fərdi sahibkarlar ola biləcəklər. Bu yanaşma fəaliyyətin
sahibkarlıq xarakterinə uyğunlaşdırılıb. Eyni zamanda, maliyyə
icarəsi fəaliyyəti ilə yalnız hüquqi şəxslərin məşğul olması və
onların Mərkəzi Bankın reyestrinə daxil edilməsi tələb
olunacaq.
Layihədə maliyyə icarəsi verənlər üçün minimum nizamnamə
kapitalı və öz vəsaitlərinə dair tələblər müəyyən edilir, bu
tələblərin konkret parametrləri isə Mərkəzi Bank tərəfindən
müəyyənləşdiriləcək. Bununla yanaşı, tərəflər arasında müqavilə
münasibətləri, hüquq və vəzifələr, eləcə də maliyyə icarəsi
obyektinə yönələn tələblərin icrası mexanizmləri də
tənzimlənir.
Yeni qanun layihəsində subicarə və geriyə maliyyə icarəsi kimi
mexanizmlər də nəzərdə tutulur. Subicarə zamanı icarəçi obyektin
başqa şəxsə verilməsini təşkil edə bilər, geriyə maliyyə icarəsində
isə şəxs öz əmlakını sataraq eyni obyekti icarəyə götürür.
Layihəyə əsasən, maliyyə icarəsi verənlər kredit tarixçəsi
məlumatlarını kredit bürolarına təqdim etməlidirlər. Bu, maliyyə
bazarlarında şəffaflığın artırılmasına, borclanmanın düzgün
qiymətləndirilməsinə və beynəlxalq reytinqlərdə mövqenin
yaxşılaşmasına töhfə verəcək.
Həmçinin, maliyyə icarəsi verənlərin mühasibat uçotu və
hesabatlılığı “Mühasibat uçotu haqqında” Qanuna uyğun aparılacaq,
maliyyə hesabatları isə beynəlxalq standartlara uyğun şəkildə
hazırlanaraq Mərkəzi Banka təqdim ediləcək.
Ümumilikdə, yeni qanun layihəsi maliyyə icarəsi bazarında hüquqi
və institusional çərçivəni gücləndirməklə bu sahənin inkişafına və
iqtisadi aktivliyin artmasına xidmət edəcək.
Qeyd edək ki, bu Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə
minəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
üçüncü oxunuşda qəbul edilib.

