Azərbaycanda aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir – RƏY

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr
olunmuş müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərir ki,
Azərbaycanda aqrar sahənin inkişafı dövlət siyasətinin əsas
prioritet istiqamətlərindən biridir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışında
səsləndirilən məqamlar onu deməyə əsas verir ki, son illər ərzində
həyata keçirilən regional inkişaf proqramları ölkənin kənd
təsərrüfatı potensialının gücləndirilməsində, bölgələrin
sosial-iqtisadi dirçəlişində və ərzaq təhlükəsizliyinin təmin
olunmasında mühüm rol oynayıb:

“Prezident İlham Əliyevin vurğuladığı kimi, 2004-cü ildən
etibarən həyata keçirilən regional inkişaf proqramları nəticəsində
Azərbaycanın bütün bölgələrində genişmiqyaslı infrastruktur
layihələri icra olunub, kəndlərin sosial siması tamamilə dəyişib.
Qazlaşdırma səviyyəsinin 96 faizə çatdırılması, müasir yolların
çəkilməsi, su anbarlarının və kanalların tikilməsi, elektrik
təchizatının tam təmin olunması kənd təsərrüfatının inkişafı üçün
möhkəm baza yaradıb. Bu gün artıq Azərbaycan yalnız özünü enerji
ilə təmin edən deyil, eyni zamanda enerji ixrac edən ölkəyə
çevrilib ki, bu da regionların davamlı inkişafına ciddi töhfə
verir.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan
biri kənd təsərrüfatında subsidiya və güzəşt mexanizmlərinin geniş
tətbiqidir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, fermerlərə
yanacaq, gübrə, texnika və kredit güzəştləri şəklində çoxşaxəli
dəstək verir. Bu yanaşma kənd təsərrüfatının dayanıqlı inkişafına
və fermerlərin maddi rifahının yaxşılaşmasına mühüm təsir göstərir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, subsidiya siyasəti daha
çevik və bazar tələblərinə uyğun şəkildə təkmilləşdirilməlidir ki,
həm daxili tələbat ödənilsin, həm də ixrac potensialı daha da
artsın.

Çıxışda pambıqçılıq, baramaçılıq, üzümçülük, fındıqçılıq və
digər ənənəvi sahələrin dirçəldilməsi xüsusi diqqət çəkir. Vaxtilə
tənəzzülə uğramış pambıqçılığın bu gün yenidən inkişaf etdirilməsi,
məhsuldarlığın bir neçə dəfə artırılması və kənd yerlərində
məşğulluğun genişlənməsi həyata keçirilən siyasətin uğurlu
nəticəsidir. Eyni zamanda, baramaçılığın və ipəkçiliyin bərpası,
intensiv bağçılığın genişləndirilməsi və istixana komplekslərinin
yaradılması kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində
atılan mühüm addımlardır.

Prezident İlham Əliyevin kəndlərdən şəhərlərə deyil, şəhərlərdən
kəndlərə qayıdışın təmin olunması ilə bağlı səsləndirdiyi fikir
strateji baxımdan olduqca əhəmiyyətlidir. Bu yanaşma kənd
yerlərində sosial infrastrukturun gücləndirilməsini, məşğulluğun
artırılmasını və insanların öz doğma torpaqlarında daha rahat
yaşamalarını hədəfləyir. Son illərdə bölgələrdə müasir məktəblərin,
xəstəxanaların və xidmət obyektlərinin tikilməsi də məhz bu
siyasətin tərkib hissəsidir.

Çıxışda ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət ayrılması
da olduqca vacibdir. Dünyada baş verən müharibələr, iqlim
dəyişiklikləri və nəqliyyat zəncirlərində yaranan problemlər
fonunda hər bir ölkənin daxili istehsal imkanlarını artırması
zərurətə çevrilib. Prezident İlham Əliyevin səsləndirdiyi rəqəmlər
göstərir ki, Azərbaycan bir çox məhsullar üzrə özünü tam və ya
yüksək səviyyədə təmin edir, bəzi sahələrdə isə idxaldan asılılığın
azaldılması üçün yeni tədbirlər görüləcək. Xüsusilə buğda, bitki
yağları, süd və ət məhsulları üzrə istehsalın artırılması qarşıya
əsas hədəf kimi qoyulub”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışında
aqroparkların yaradılması, müasir suvarma sistemlərinin tətbiqi,
torpaq analizlərinin aparılması, süni intellekt və peyk
texnologiyalarından istifadə kimi məsələlərin gündəmə gətirilməsi
onu göstərir ki, Azərbaycan kənd təsərrüfatında innovativ və
rəqəmsal inkişaf mərhələsinə qədəm qoyur:

“Bu isə məhsuldarlığın artırılması və resurslardan daha səmərəli
istifadə baxımından mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su
layihələri və kənd təsərrüfatının bərpası xüsusi önəm kəsb edir.
İşğaldan azad olunmuş ərazilərdə su anbarlarının və kanalların
yenidən qurulması, yeni intensiv bağların salınması həmin
bölgələrin iqtisadi potensialının sürətlə dirçəldiyini
göstərir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir