1000 manatlıq yeni cərimələr tətbiq ediləcək

Baş səhifə

Bakı. Trend:

Ərzaq balansının tərtibi ilə bağlı zəruri məlumatların təqdim
edilməməsinə görə yeni cərimələr müəyyənləşdiriləcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, ərzaq balansının tərtibi üçün fermerlər
və tədarükçülər tərəfindən məhsullarının kənd təsərrüfatı
istehsalına (tədarükünə) dair məlumatların ildə bir dəfə, həmin
məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu
anbarlar ve taxıl elevatorları barədə aylıq məlumatların isə
növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməməsinə
görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli
şəxslər 200 manat məbləğində, hüquqi şəxslər
500 manat məbləğində cərimə ediləcək.

Yuxarıdakı abzasda nəzərdə tutulmuş inzibati xətanın inzibati
tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
fiziki şəxslər 200 manat məbləğində, vəzifəli
şəxslər 400 manat məbləğində, hüquqi şəxslər
1000 manat məbləğində cərimə ediləcək.




Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair
məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə
verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı,
emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət
göstərən subyektlər tərəfindən 15 iş günü müddətində təqdim
edilməməsinə görə vəzifəli şəxslər 200 manat
məbləğində, hüquqi şəxslər 500 manat məbləğində
cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs həmin
xətaların törədilməsinə səbəb olan halları 10 iş
günü
müddətində aradan qaldırdıqda İnzibati məsuliyyətdən
azad olunacaq.

Yuxarıda nəzərdə tutulmuş tutulmuş inzibati xətaların
törədilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən həmin xətaların
törədilməsinə səbəb olan hallar 10 iş günü ərzində
aradan qaldırılmalıdır. Bu müddət ərzində şəxs həmin əməlin
törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb
olunmayacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
birinci oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir