
Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı və Xızı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə
rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə
kənd təsərrüfatı, turizm, xidmət və s. sahələrdə fəaliyyət göstərən
sahibkarlar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak
ediblər.
Görüşdə Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu
Əzizov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonda
sahibkarlıq fəaliyyəti, mövcud biznes imkanlarının reallaşdırılması
üçün dövlətin dəstək alətləri barədə məlumat veriblər. Qeyd olunub
ki, Xızıda turizm və xidmət sektorunun inkişafı üçün imkanlar
genişdir. Bu potensialdan istifadə etməklə ekoturizm, kənd turizmi
və xidmət mərkəzlərinin inkişafına daha çox diqqət göstərilə bilər.
Sahibkarlar arasında əməkdaşlıq və birgə fəaliyyət mexanizmlərinin
genişləndirilməsi həm xidmət keyfiyyətinin yüksəlməsi, həm də bazar
imkanlarının artması baxımından faydalı olacaqdır.
Görüşdə sahibkarlarla fermer təsərrüfatının inkişafı və çörək
sexinin genişləndirilməsinə maliyyə dəstəyinin göstərilməsi, torpaq
sahəsinin sənədləşdirilməsinə dəstək və digər məsələlərlə bağlı
fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib və sualları
cavablandırılıb.
KOBİA nümayəndələri həmçinin, Xızıda çörək istehsalı
müəssisəsində olub, sahibkarla biznesin inkişafına dair fikir
mübadiləsi aparıblar.

