
Bakı.Trend:
“Sea Breeze” layihəsi müasir kurort və şəhər mühitinin
yaradılmasına yönəlmiş uzunmüddətli təşəbbüs kimi inkişaf etməyə
davam edir.
Trend xəbər verir
ki, bu barədə “Agalarov Development”in prezidenti və “Sea Breeze”
kurort şəhərinin təsisçisi Emin Ağalarov “İnvestisiyaların yeni
coğrafiyası” mövzusunda keçirilən sessiyada çıxışı zamanı
bildirib.
Onun sözlərinə görə, Azərbaycan sahillərinin inkişaf potensialı
hələ də böyük olaraq qalır və layihənin icrası uzunmüddətli
perspektiv üçün nəzərdə tutulub.
E.Ağalarov qeyd edib ki, hazırda layihənin aktiv tikinti
mərhələsi davam edir və bu mərhələ ərazinin və infrastrukturun daha
da genişləndirilməsini nəzərdə tutur.
O, həmçinin turizm istiqamətinin əhəmiyyətini vurğulayıb və
turistlər tərəfindən marağın qorunub saxlanacağına əminliyini ifadə
edib
Onun sözlərinə görə, Azərbaycan xidmət səviyyəsi və
qonaqpərvərliyi sayəsində cəlbedici istiqamət olaraq qalır.
“Sea Breeze”in təsisçisi layihənin tərəfdaşlarına təşəkkür edib,
iri tikinti təşəbbüslərinin həyata keçirilməsində maliyyə
institutlarının töhfəsini qeyd edib.
O vurğulayıb ki, “Sea Breeze”in gələcək inkişafı yaşayış,
istirahət və investisiya cəlbi imkanlarının ardıcıl şəkildə
genişləndirilməsini nəzərdə tutur.

