SOCAR və Çin şirkəti arasında “Abşeron” yatağı üzrə mümkün əməkdaşlıq müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək
Hüseynov “China Offshore Oil Engineering Company” (COOEC)
şirkətinin baş direktorunun müavini Vanq Vey ilə görüşüb.

Trend bu
barədə SOCAR-a istinadən xəbər verir.

Görüşdə iki şirkət arasında potensial tərəfdaşlıq imkanları
nəzərdən keçirilib və əlaqələrin genişləndirilməsinin önəmi
vurğulanıb. Bu xüsusda, tərəflər “Abşeron” yatağının tammiqyaslı
işlənməsi layihəsi çərçivəsində mümkün əməkdaşlıq istiqamətlərini
nəzərdən keçiriblər.




Söhbət zamanı qonaqlara SOCAR-ın strateji hədəfləri, quruda və
dənizdə həyata keçirdiyi enerji layihələri barədə ətraflı məlumat
verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.

“Abşeron” qaz və kondensat yatağı Xəzər dənizində, sahildən
100km cənub-şərqdə yerləşir. Birgə Müəssisəyə TotalEnergies EP
Abşeron B.V (TEPAB) (35%), SOCAR Abşeron (35%) və ADNOC XRG (30%)
daxildir. İlk işlənmə mərhələsi üzrə hasilat 2023-cü ilin iyulunda
başlayıb. Birinci mərhələdə sualtı hasilat quyusu SOCAR-ın Neft
Daşlarındakı mövcud qurğularına birləşdirilmiş yeni qaz emal
platformasına qoşulub. Gündəlik hasilat gücü 4 milyon kub metr qaz
və 13 000 barel kondensatdır. Qaz Azərbaycanın yerli bazarında
satılır.

1-ci mərhələdən sonra partnyorlar, 2025-ci ilin əvvəllərində
start verilmiş İlkin texniki layihələndirmə (İTL) ilə Abşeron
yatağının tammiqyaslı işlənməsini davam etdirmək barədə qərar qəbul
etmişdir. Yekun Sərmayə Qərarının (YSQ) 2026-cı il ərzində qəbul
olunması qarşıya məqsəd qoyulub. Yatağın Tammiqyaslı İşlənməsi
mərhələsi ilə maksimum hasilat dövründə 110 min bne/gün əlavə
hasilatın təmin ediləcəyi gözlənilir. İşlənmə konsepsiyasına qaz və
mayelərin emalı və ixracı məqsədilə 140km-lik çoxfazalı sualtı boru
kəməri ilə Səngəçal ərazisində quruda inşa edilən yeni qurğulara
qoşulan üç dərinsulu quyu vasitəsilə əhəmiyyətli sualtı işlənmə
mərhələsi daxildir. Maksimum hasilat dövründə, 2-ci mərhələdə
gündəlik qaz hasilatı 12,7 milyon kub metr (ildə 4,5 milyard kub
metr) təşkil edəcək və 1-ci mərhələ üzrə hasilatdan əlavə, ilk
dövrdə gündə 35 000 barel kondensat hasil ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir