
Bakı. Trend:
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin
26-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
Trend xəbər
verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri
verilmiş keçidə (https://eservices.dim.gov.az/2026/netorta/)
daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin
nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan
nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.
İmtahan iştirakçıları iş nömrələrini buradan
öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə
ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə
bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən
kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması
prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker
yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə
təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən)
yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama
prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi,
işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan
əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding”
(markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və
kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin
tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi
göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl
olunub.
Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət
İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Bu imtahanda iştirakı nəzərdə tutulan 55282 nəfərdən 398 nəfər
imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 2
nəfər imtahandan xaric olunub.
İmtahan iştirakçıları arasında 4 nəfər (siyahı
ilə buradan tanış olun) 300 bal toplamaqla ən yüksək nəticəni
göstərib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də
Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya
Komissiyasına müraciət etmək istəyənlər 1 iyun saat 10:00-dan 3
iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək
elektron
ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən
müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya
Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında
müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı
müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab
edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd
olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət
araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla
aparılır:
– Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan
bütün işlər araşdırılır;
– Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi
(yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
– Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon
nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms”
göndərilir.
Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında
ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və
ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş
cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi
nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda
iki dairənin qaralanması və s.) bağlı müraciətlərə
baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər
DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz
nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli
tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən
imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə
yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və
ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını
müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə
baxılmayacaq.

