
Bakı.Trend:
Göyçayda 14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin
üstü açılıb.
Bu barədə Trend-ə
Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, 21.12.2012-ci il tarixdə Göyçay şəhəri, A.Faruq
küçəsində yerləşən fərdi yaşayış evində kişi cinsli meyitin aşkar
edilməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş əməliyyat
məlumatları əsasında Baş Prokurorluğunun İstintaq idarəsində
araşdırma aparılıb.
Araşdırmalarla evdə meyiti aşkar olunan 1932-ci il təvəllüdlü
Rza Ağayevin qəsdən öldürülməsi müəyyən edildiyindən fakt üzrə Baş
Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İstintaq zamanı prokurorluq və polis əməkdaşları tərəfindən
birgə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış
tədbirləri, o cümlədən meyitin ekshumasiyası, istintaq
eksperimenti, ekspertiza rəyləri və toplanmış digər sübutlarla
Ramilə Quliyevanın 20.12.2012-ci il tarixdə Rza Ağayevin pul
vəsaitini ələ keçirmək məqsədilə onun yaşadığı evə gəlməsi, taxta
parçası ilə baş nahiyəsinə və bədəninin müxtəlif hissələrinə qəsdən
zərbələr vurmaqla sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.
Toplanmış ilkin dəlillər əsasında Ramilə Quliyeva 26.05.2026-cı
il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci
maddəsi (qəsdən adam öldürmə) ilə təqsirləndirilən şəxs qismində
cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış
tədbirləri davam etdirilir.
Bununla yanaşı, ötən illərdən bağlı qalmış ağır və xüsusilə ağır
cinayətlərin, o cümlədən naməlum şəraitdə törədilmiş qəsdən adam
öldürmə cinayətlərinin açılması, təqsirkar şəxslərin müəyyən
edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində Baş
Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən kompleks istintaq
və əməliyyat-axtarış tədbirləri ardıcıl şəkildə davam
etdirilir.

