
Bakı. Trend:
Şamaxıda növbəti Beynəlxalq Barbekü Festivalına hazırlıqlar
başlayıb.
İyunun 13-14-də keçiriləcək festival Şamaxı Rayon İcra
Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və “Abqora” restoranının
dəstəyi ilə təşkil olunur.
Mədəni mübadilə və qastronomik turizmin genişləndirilməsinə yönələn
festivalda müxtəlif ölkələrdən tanınmış şef-aşpazlar iştirak
edəcək, möhtəşəm barbekü təqdimatları və dünya mətbəxinin ləziz
nümunələri təqdim olunacaq.
Kulinariya bayramında fərqli mətbəx mədəniyyətləri ilə daha
yaxından tanış olmaq, iştirakçılar arasında ünsiyyəti
genişləndirmək, fərqli təamları dadmaq imkanı yaradılacaq.
Pavilyonlarda peşəkar şeflər dünya mətbəxinin zənginliyini təqdim
edəcək, kulinariya məharətlərini bölüşəcək, “Barbekü və Manqal”
dueti, “Steyk şou”, musiqili proqram təqdim olunacaq.
Qeyd edək ki, ötən il Şamaxıda ilk dəfə keçirilən Beynəlxalq
Barbekü Festivalı kütləviyi və rəngarəngliyi ilə yadda qalmışdı.
Bunun ardı olaraq builki festival da ziyarətçilərə maraqlı və
zəngin proqram vəd edir.
Festivala biletlər iTicket.az-da satışdadır.

