
Bakı. Trend:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri
çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin
Rəşid əl-Zayani ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata
görə, görüş zamanı Azərbaycan ilə Bəhreyn arasında ikitərəfli
münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi
dialoq, iqtisadi-ticarət, habelə qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında müzakirələr aparılıb.
Nazirlər bir sıra mühüm sahələr üzrə əməkdaşlığın
genişləndirilməsinin, eləcə də beynəlxalq təşkilatlar və
platformalar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində
əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
Ölkəmizin Bəhreyndə səfirliyinin fəaliyyətə başlaması
məmnunluqla qeyd edilib.
Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə
də Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi
aparıblar. Regionda sabitliyin və təhlükəsizliyin təmin
olunmasının, gərginliyin daha da artmasının qarşısının alınması
məqsədilə diplomatik səylərin və dialoqun təşviq edilməsinin
vacibliyi diqqətə çatdırılıb.
Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran digər regional və
beynəlxalq məsələlər nəzərdən keçirilib.

