
Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT
Təhlükəsizlik Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyin
qorunması: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət və BMT
mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda keçirilmiş
açıq müzakirələrdə iştirakı çərçivəsində BMT-nin Baş katibi Antonio
Quterreş ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata
görə, görüş zamanı Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq
gündəliyi, habelə bölgədə cari vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın BMT, onun ixtisaslaşmış
qurumları ilə faydalı əməkdaşlıq etdiyini bildirib. Xüsusilə,
ölkəmizdə cari ilin 17–22 may tarixlərində təşkil olunan Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyasının uğurla keçirilməsi
məmnunluqla qeyd olunub.
Bununla yanaşı, ölkəmizin Mərkəzi Asiya ilə strateji əlaqələri,
nəqliyyat və kommunikasiya sahəsində rolu vurğulanıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar,
keçmiş məcburi köçkünlərin öz evlərinə ləyaqətli qayıdışının
təmininə istiqamətlənən bərpa və quruculuq işləri,
Azərbaycan-Ermənistan normallaşma prosesi, etimad-quruculuğu
tədbirləri, habelə bölgədə mina təhdidi barədə qarşı tərəfə ətraflı
məlumat verilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

