
Bakı. Trend:
2030-cu ilədək Azərbaycanda ani ödənişlərin Milli Ödəniş
Sisteminin (MÖS) əməliyyatlarında say çəkisinin 80 faizə
çatdırılması nəzərdə tutulur.
Trend xəbər
verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə
inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün
Dövlət Proqramı”nda öz əksini tapıb.
Proqram çərçivəsində Ani Ödəniş Sisteminin (AÖS) əhatə
dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Sənədə əsasən, tədbirin əsas icraçısı kimi Azərbaycan Mərkəzi
Bankı (AMB) müəyyən edilib. Proqramın icrası 2027–2029-cu illəri
əhatə edəcək.
Dövlət Proqramında qeyd olunub ki, ödəniş xidməti
təchizatçılarının rəqəmsal kanallarının AÖS-ə inteqrasiyası,
həmçinin sistemdən istifadə üzrə məlumatlandırma işlərinin həyata
keçirilməsi planlaşdırılır.
Bu istiqamətdə ilkin nəticə kimi AÖS barədə məlumatlılığın
artırılması və sistemdən istifadənin genişləndirilməsi
göstərilib.
Yekun nəticə olaraq isə ani ödənişlərin Milli Ödəniş Sisteminin
əməliyyatlarında say çəkisinin 80 faizə çatdırılması hədəflənir.
Sənədə görə, baza ilində bu göstərici 6,4 faiz olub.

