Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu – BDYPİ

Baş səhifə

Bakı.Trend:

Son günlər, xüsusilə bayram öncəsi yollarda hərəkət
intensivliyinin artdığı bir vaxtda piyadaların vurulması ilə
nəticələnən yol-nəqliyyat hadisələri ciddi narahatlıq doğurur.
Təhlillər göstərir ki, belə qəzaların bir qismi sürücülərin
diqqətsizliyi, digər qismi isə piyadaların məsuliyyətsiz
davranışları səbəbindən baş verir.

Trend xəbər
verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis
polkovnik-leytenantı Rövşən Tağıyev deyib.

Onun sözlərinə görə, yol hərəkəti təhlükəsizliyi yalnız
sürücülərin deyil, piyadaların da birbaşa məsuliyyət daşıdığı
sahədir.

“Təəssüf ki, bəzi piyadalar müəyyən edilmiş keçidlərdən istifadə
etmir, nəqliyyat axınının arasından qəfil yola çıxır, çoxzolaqlı və
intensiv hərəkətin olduğu hissələrdən keçməyə çalışır, bəzən isə
mobil telefondan istifadə edə-edə yolu keçir. Bu cür davranışlar
insan həyatını birbaşa təhlükə altına qoyur.




Xüsusilə gecə saatlarında, məhdud görünmə şəraitində və sürətli
hərəkətin müşahidə olunduğu ərazilərdə piyadanın qəfil hərəkət
hissəsinə daxil olması faciə riskini daha da artırır. Bəzi
piyadalar düşünür ki, sürücü onları mütləq görəcək və vaxtında
dayanacaq. Halbuki yüksək sürət, yolun vəziyyəti, hava şəraiti,
qarşıdan gələn işıqlar və digər amillər nəqliyyat vasitəsinin
dərhal saxlanılmasını hər zaman mümkün etmir.

Çoxzolaqlı yollarda vəziyyət daha təhlükəli xarakter alır. Bir
zolaqda hərəkət edən nəqliyyat vasitəsi piyadaya yol verdiyi halda,
digər zolaqda hərəkətdə olan sürücü piyadanı gec görə və ya
ümumiyyətlə fərq etməyə bilər. Nəticədə bir neçə saniyə ərzində
ağır və geri dönüşü olmayan faciələr baş verir. Təəssüf ki, son
günlərdə qeydə alınan bəzi qəzalar məhz bu səbəbdən baş verib”.

BDYPİ-nin şöbə rəisi bildirib ki, digər tərəfdən, bəzi sürücülər
yaşayış məntəqələrində, məktəblərin, ticarət obyektlərinin və
insanların sıx hərəkət etdiyi ərazilərin yaxınlığında sürət həddinə
əməl etmir, piyada keçidlərinə yaxınlaşarkən kifayət qədər diqqətli
davranmırlar. Halbuki belə ərazilərdə hər an gözlənilməz vəziyyət
yarana bilər.

“Hər kəs yadda saxlamalıdır ki, təhlükəsizlik qarşılıqlı
məsuliyyət tələb edir. Sürücü piyadanın təhlükəsizliyinə, piyada
isə həm öz həyatına, həm də digər hərəkət iştirakçılarının
təhlükəsizliyinə qarşı həssas yanaşmalıdır.
Bir daha həm sürücüləri, həm də piyadaları diqqətli və məsuliyyətli
olmağa çağırırıq. Heç bir tələskənlik, heç bir məsafə və heç bir
bəhanə insan həyatından daha dəyərli deyil. Yol hərəkəti
qaydalarına əməl etmək sadəcə qanuni tələb deyil, həyatın
qorunmasının əsas şərtidir”,-deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir