
Bakı. Trend:
Uqanda hakimiyyəti Konqo Demokratik Respublikası ilə sərhədlərin
dərhal bağlanması barədə qərar qəbul edib.
Trend yerli mediaya istinadla xəbər verir ki, bu addım Konqoda
Ebola virusuna yoluxma hallarının artması və bunun Uqanda ərazisinə
də keçməsi fonunda atılıb. Qərar Uqandada Ebola ilə mübarizə üzrə
yerli işçi qrupu tərəfindən qəbul olunub. Bildirilib ki, mayın
15-də Konqoda epidemiyanın elan edilməsindən əvvəl həmin ölkədən
gələn xəstələrlə təmasda olmuş səhiyyə işçiləri arasında virusa
tutulma halları artıb.
Uqanda hökuməti indiyədək ölkədə Ebola virusuna 7 yoluxma
halının təsdiqləndiyini açıqlayıb. Yoluxanlar arasında 59 yaşlı
kişinin mayın 14-də paytaxt Kampala şəhərində vəfat etdiyi qeyd
olunub.
Rəsmi məlumatlara görə, ölkədə qeydə alınan yoluxmaların sayı
sabit qalsa da, xəstələrlə təmasda olan şəxslərin, xüsusilə də tibb
işçilərinin sayı artır. Bu səbəbdən hakimiyyət orqanları virusun
yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirləri daha
da sərtləşdirib.

