
Bakı. Trend:
Bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd edilir.
XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli
oyanış, xalqların müstəmləkəçilikdən azad olması və milli
dövlətlərin yaranması əsri kimi də daxil olub.
1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar
sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı.
Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu
imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli
qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini
elan etdilər.
Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün
Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli
dövlət idi. Onun dövlət atributları – bayrağı, himni, gerbi qəbul
edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir
vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya
bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu
Azərbaycanı işğal etdi və respublika süquta uğradı.

