Dövlət müstəqilliyi xalqımızın böyük sərvətidir

Baş səhifə

Bakı. Trend:

Bu gün xalqımız əlamətdar günlərindən birini – 28 May
Müstəqillik Gününü qeyd edir. 108 il əvvəl, 1918-ci ilin məhz bu
tarixində Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik
respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Xalqımızın
milli azadlıq arzularının ifadəsi olan bu tarixi hadisə dövlətçilik
tariximizin ən şanlı səhifələrindən biridir. Azərbaycan Xalq
Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, milli
dövlətçilik ənənələrinin formalaşdırılması, demokratik idarəçilik
prinsiplərinin tətbiqi və müstəqil dövlət təsisatlarının
yaradılması istiqamətində mühüm addımlar atmışdı.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli
Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi xalqımızın
müstəqil dövlət qurmaq və öz taleyini müəyyənləşdirmək iradəsini
bütün dünyaya nümayiş etdirdi. Qısa müddət ərzində ölkədə parlament
və hökumət formalaşdırıldı, dövlət rəmzləri qəbul edildi, dövlət
idarəçiliyinin təşkili istiqamətində çoxsaylı tədbirlər həyata
keçirildi. Təsadüfi deyil ki, bu gün müasir Azərbaycanın bir çox
dövlət orqanlarının yaranma tarixi məhz 1918-ci ildir.

Xalq Cümhuriyyəti tərəfindən Azərbaycan vətəndaşlığı anlayışı
formalaşdırıldı və milli ordu quruculuğu həyata keçirildi. Bütün
vətəndaşlara bərabər hüquqların verilməsi, cəmiyyətdə milli, dini,
irqi və sosial ayrı-seçkiliyin olmaması Azərbaycan Xalq
Cümhuriyyətinin demokratik və hüquqi dövlətçilik prinsipləri
əsasında bərqərar olduğunu göstərir. Qafqaz İslam Ordusu tərəfindən
Bakının bolşeviklərdən və daşnaklardan azad olunması isə
Cümhuriyyət tarixinin ən böyük hərbi-siyasi uğurudur.

O dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə
tanınması, o cümlədən milli maraqların diplomatik müstəvidə
müdafiəsi məqsədilə də ardıcıl fəaliyyət həyata keçirilmişdi.
Cümhuriyyətin nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı
diplomatiya tariximizin mühüm hadisələrindən biridir.

Parlament tərəfindən qəbul olunan qanunlar isə dövlət
müstəqilliyinin möhkəmləndirilməsinə, ölkənin ictimai-siyasi və
mədəni inkişafına, demokratik dəyərlərin bərqərar olunmasına töhfə
verib. 1918-ci ilin avqustunda qəbul olunan “Xalq maarifinin,
məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris
müəssisələrində təhsilin ana dilində aparılmasına başlanılması,
Bakı Dövlət Universitetinin yaradılması, azərbaycanlı gənclərin ali
təhsil almaq üçün xarici dövlətlərə göndərilməsi Azərbaycan Xalq
Cümhuriyyətinin xalqımızın təhsil tarixinə verdiyi tarixi
töhfələrdir.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, gördüyü
işlərin miqyası böyük idi. Bütün bunlar 1920-ci ilin aprel ayında
bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın
siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Müstəqillik
ideyaları isə insanları heç vaxt tərk etmədi. Ötən əsrin 70-ci
illərində respublikamızda Ulu Öndər Heydər Əliyevin liderliyi ilə
yaranan milli intibah da müstəqillik və azadlıq ideyalarının
yaşamasının təzahürü idi. Prezident İlham Əliyevin «Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi haqqında» sərəncamında bu barədə
deyilir:

“Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün
qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa
da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.
Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının
bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin
respublikada uğurla gerçəkləşdirdiyi siyasət millətimizin
tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu
inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik
arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə
çevrilməsinə zəmin yaratdı”.




Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də dövlət
müstəqilliyini bərpa etdi. Lakin digər keçmiş sovet dövlətlərindən
fərqli olaraq Azərbaycan xalqı bu yolda mübarizə apardı. Ulu Öndər
Heydər Əliyevin bu mübarizədə göstərdiyi tarixi xidmətlər isə
dövlətçilik tariximizin qürurdoğuran səhifələridir. Məhz Heydər
Əliyevin təşəbbüsləri və qətiyyəti sayəsində hələ sovet
hakimiyyətinin mövcud olduğu bir şəraitdə üçrəngli bayrağımızın
Naxçıvanda Muxtar Respublikasının bayrağı kimi təsbit olunması,
muxtar respublikanın adında «sovet» və «sosialist» sözlərindən
imtina edilməsi respublikamızda müstəqillik uğrunda aparılan
mübarizəni daha da gücləndirdi. O cümlədən sovet dövlətinin
saxlanılması ilə bağlı referendumun Naxçıvanda boykot olunması, Ulu
Öndərin Azərbaycan Ali Sovetindəki cəsarətli çıxışları müstəqillik
mücadiləsi tariximizin mühüm siyasi hadisələridir.

Bu mübarizənin nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də
xalqımız dövlət müstəqilliyini bərpa etdi. Lakin 90-cı illərin
əvvəllərində baş verənlər göstərirdi ki, müstəqilliyi qoruyub
saxlamaq onu əldə etməkdən daha çətindir. Həmin çətin şəraitdə
xalqın təkidli istəyi ilə siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər
Əliyev müstəqilliyimizin itirilməsinin qarşısını aldı, müasir
Azərbaycan dövlətini yaratdı. Heydər Əliyev həyata keçirdiyi dövlət
quruculuğu ilə müstəqilliyimizin və dövlətçiliyimizin güclü
təməllərini formalaşdırdı. Məhz Ulu Öndər Heydər Əliyevin müdrik
siyasəti nəticəsində müstəqil Azərbaycan dövləti özünün geosiyasi
və geoiqtisadi maraqlarını qətiyyətlə təmin edərək, beynəlxalq
birliyin ehtiram göstərilən üzvünə çevrildi.

Heydər Əliyevin «şah əsəri» olan Azərbaycan dövləti bu gün
etibarlı əllərdədir. Ulu Öndərin layiqli siyasi davamçısı kimi
Prezident İlham Əliyev cənablarının həyata keçirdiyi fəaliyyət ötən
dövrdə müstəqilliyimizin təməllərini daha da möhkəmləndirib,
Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib. Ulu Öndərin
əsasını qoyduğu enerji siyasətinin uğurla davam etdirilməsi,
Azərbaycanın qlobal enerji təhlükəsizliyində aparıcı mövqeyə
yüksəlməsi və Avrasiya məkanının nəqliyyat-logistika
bağlantılarının daha da güclənməsinə verdiyi töhfələr həm də
müstəqilliyimizin əsaslarının daha da sarsılmaz olmasına xidmət
edən tarixi nailiyyətlərdir. Bütün bunların nəticəsi kimi
Azərbaycan həm də dünyanın orta güc dövlətləri cərgəsinə
yüksəlib.

Azərbaycanın müasir tarixinin ən böyük uğurları isə Prezident
İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə torpaqlarımızın
işğaldan azad olunması və ərazi bütövlüyümüzün tam bərpa
edilməsidir. Böyük qürurla deyə bilərik ki, Xalq Cümhuriyyətinin
qurucularının 1918-ci ildə təsis etdikləri, Ulu Öndər Heydər
Əliyevin 1990-cı ildə Naxçıvanda qətiyyətlə rəsmi status verdiyi
üçrəngli bayrağımızı Prezident İlham Əliyev cənabları Qarabağ və
Şərqi Zəngəzurda ucaltdı. Müstəqilliyimizin və dövlətçiliyimizin
rəmzi olan ay-ulduzlu bayrağımız indi Azərbaycanın bütün
ərazilərində əzəmətlə dalğalanır, suverenliyimizi bütün dünyaya
bəyan edir.

Azərbaycanın təkcə XX əsr tarixi göstərir ki, dövlətçilik
irsimiz zəngindir. Bu irsin öyrənilməsi, təbliği və gələcək
nəsillərə ötürülməsi olduqca vacibdir. Bakıda «İstiqlal» abidəsinin
ucaldılması, Azərbaycan Xalq Cümhuriyyətinin ensiklopediyasının
dərci, 2018-ci ilin ölkəmizdə «Cümhuriyyət ili» elan olunması və
digər bu kimi məsələlər dövlətçilik salnaməmizin təbliğinə xidmət
etməklə yanaşı, Cümhuriyyət irsinə olan ehtiramın təzahürüdür.
2021-ci ilin oktyabrında Milli Məclis tərəfindən qəbul olunan
“Müstəqillik günü haqqında” qanuna əsasən isə 28 May Müstəqillik
Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Mayın 28-nin Müstəqillik Günü kimi təsbit olunması Azərbaycanın
dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına
əsaslanır.

Xalqımızın Ulu Öndəri Heydər Əliyevin təbirincə desək,
Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Heç
bir qüvvə respublikamızın müstəqilliyinə təhdid yarada bilməz.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir