Ötən il 46 qadın insan alverinin qurbanı olub

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı Daxili
İşlər Nazirliyində 8889 müraciət qeydə alınıb.

Trend xəbər
verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.

Statistik göstəricilər əvvəlki illərlə müqayisədə azalma
tendensiyasını göstərir. Belə ki, 2024-cü ildə bu rəqəm 9014,
2023-cü ildə 9389, 2022-ci ildə isə 9864 olub.

2025-ci ildə məişət zorakılığı ilə bağlı 1396 cinayət qeydə
alınıb, 1413 zərərçəkmiş şəxs müəyyən edilib. Zərərçəkənlərin
1176-sı qadın, 237-si isə kişi olub. Müqayisə üçün qeyd edək ki,
2024-cü ildə 1471, 2023-cü ildə isə 1513 belə cinayət qeydə
alınmışdı.

Ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı ölümlə
nəticələnən 39 cinayət qeydə alınıb. Bu göstərici 2024-cü ildə 42
olmuşdu.




Ötən il qadını nikaha daxil olmağa məcbur etmə ilə bağlı cinayət
faktı qeydə alınmayıb.

Hesabat dövründə qadınlara qarşı ümumilikdə 6572 cinayət qeydə
alınıb. Onlardan 2435-i zorakılıqla müşayiət olunan cinayətlər
olub. Qadınlara qarşı törədilən cinayətlərin 157-si qəsdən
sağlamlığa zərər vurma, 98-i xuliqanlıq, 334-ü cinsi toxunulmazlıq
və cinsi azadlıq əleyhinə cinayətlər, 21-i zorlama, 252-si isə
insan alveri ilə bağlı olub.

2025-ci ildə qadınlara qarşı törədilmiş cinayətlərlə bağlı 4516
şəxs müəyyən edilərək, onların 2716-sı məsuliyyətə cəlb olunub.
2024-cü ildə isə bu göstəricilər müvafiq olaraq 4468 və 2745
olub.

Ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri
nəticəsində 152 insan alveri, 1 məcburi əmək və insan alveri
məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı 45 cinayət
aşkarlanıb. Cinayətlərdən zərər çəkmiş 46 qurbanın hamısının qadın
olduğu bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir