
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də
Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və
infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və
kəndə qayıdan sakinlərlə görüşüb.
Trend xəbər
verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş
işlər barədə məlumat verdi.
Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd
inzibati ərazi dairəsində yerləşir.
Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal
edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata
keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan
azad olunub.
Bildirildi ki, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması
və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra
olunub. Burada transformator quraşdırılıb, yeni elektrik xətləri
çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə
məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa,
kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması
işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə
də işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar
quraşdırılıb. Hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri
davam etdirilir. Kənddaxili yollar abadlaşdırılıb. Həmçinin Böyük
Qaladərəsində sakinlərin istirahəti üçün park salınıb, Bayraq
meydanı yaradılıb.
Kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır,
37-si isə qismən yararlıdır.
Birinci mərhələdə artıq 17 ev bərpa olunub. Növbəti mərhələdə
isə 20 evin bərpası planlaşdırılır.
İlkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.
x x x
Sonra dövlətimizin başçısı Böyük Qaladərəsi kəndinə qayıdan
sakinlərlə görüşüb.

