28 May – Müstəqillik Günü Madriddə qeyd olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin
təşkilatçılığı ilə Madrid şəhərində 28 May – Azərbaycan
Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul
keçirilib.

Trend bu barədə
səfirliyə istinadən xəbər verir.

Tədbirdə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq
Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean
üzrə Baş direktorluğunun rəhbəri Luis Fonseka Sançez, nazirliyin
digər yüksəkvəzifəli diplomatları, İspaniya hökuməti tərkibindəki
müxtəlif dövlət qurumlarının nümayəndələri, parlament üzvləri,
senatorlar, ölkədə akkreditə olunmuş diplomatik korpusun və
beynəlxalq təşkilatların təmsilçiləri, çoxsaylı səfirlər, Madrid
şəhər bələdiyyəsinin rəsmiləri, akademik dairələrin və beyin
mərkəzlərinin nümayəndələri, işgüzar dairələrin təmsilçiləri,
qeyri-hökumət təşkilatlarının və media qurumlarının nümayəndələri,
həmçinin Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və İspaniyanın dövlət himnləri
səsləndirilib.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikasının
İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz
Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci
ildönümünün tarixi əhəmiyyətindən bəhs edib. Səfir qeyd edib ki,
ölkəmiz 1918-ci ilin 28 mayında Şərqdə ilk parlamentli respublika
olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olaraq
suverenlik, dünyəvilik və demokratik idarəçilik prinsiplərinə
sadiqliyini bu gün də uğurla davam etdirir.

Diqqətə çatdırılıb ki, cəmi 23 ay fəaliyyət göstərməsinə
baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət
quruculuğu sahəsində mühüm irs yaradıb, qadınlara seçki hüququ
verilməsi kimi dövrü üçün qabaqcıl addımlar atıb və türk dünyasında
ilk çoxpartiyalı parlament ənənəsinin əsasını qoyub.

Səfir çıxışında vurğulayıb ki, 1991-ci ildə dövlət
müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ötən dövr ərzində
daxili sabitliyin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın
təmin olunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və milli
maraqlara əsaslanan müstəqil siyasətin həyata keçirilməsi
istiqamətində mühüm nailiyyətlər əldə edib.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi
strateji inkişaf kursu bu gün Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan hazırda
regionun aparıcı dövlətlərindən biri kimi enerji təhlükəsizliyi,
nəqliyyat-kommunikasiya layihələri, humanitar əməkdaşlıq,
mədəniyyətlərarası dialoq və beynəlxalq təhlükəsizlik sahələrində
mühüm təşəbbüslərlə çıxış edir.




Çıxış zamanı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini
tam bərpa etməsinin regionda davamlı sülh və sabitlik üçün yeni
reallıqlar yaratdığı diqqətə çatdırılıb. Səfir Ramiz Həsənov
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin
normallaşdırılması prosesinə toxunaraq qeyd edib ki, uzun illər
davam etmiş münaqişəyə baxmayaraq, güclü siyasi iradə və beynəlxalq
dəstək olduğu təqdirdə davamlı sülhə nail olmaq mümkündür.

Bu kontekstdə vurğulanıb ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün
təşviqi istiqamətində göstərdiyi səylərə görə bu il İspaniya
cəmiyyəti üçün xüsusi mənəvi və simvolik əhəmiyyət daşıyan “Sülh və
Barışıq üçün Gernika” mükafatına layiq görülüb. Qeyd olunub ki,
müharibənin ağır nəticələrini yaşamış Azərbaycan xalqı sülhün,
təhlükəsizliyin və qarşılıqlı anlaşmanın dəyərini yaxşı
anlayır.

Səfir Ramiz Həsənov Azərbaycan ilə İspaniya arasında
münasibətlərin son illərdə yüksələn dinamika ilə inkişaf etdiyini
də diqqətə çatdırıb. Bildirilib ki, İspaniya parlamentinin sədri
Fransina Armenqolun, İspaniya Hökumətinin Xarici və Qlobal İşlər
üzrə Dövlət katibi Dieqo Beylo Martinesin Azərbaycana səfərləri,
Azərbaycan-İspaniya iqtisadi əməkdaşlığı üzrə ikinci strateji
dialoqun Madriddə keçirilməsi, eləcə də mədəniyyət, təhsil və
humanitar sahələrdə intensivləşən əməkdaşlıq əlaqələrin daha da
genişlənməsinə mühüm töhfə verib.

Tədbirə İspaniya hökuməti adından əsas qonaq qismində qatılan
Luis Fonseka Sançez Azərbaycan hökumətini və xalqını Müstəqillik
Günü münasibətilə təbrik edib, iki ölkə arasında münasibətlərin
inkişafından məmnunluğunu ifadə edib.

Rəsmi qəbul çərçivəsində təşkil olunmuş mədəni proqram
iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanın
zəngin musiqi irsini müasir interpretasiya ilə təqdim edən tanınmış
tar ifaçısı İbrahim Babayev ilə Cazorla Rəqs Qrupunun solisti və
bədii rəhbəri, məşhur ispan flamenko rəqqasəsi Kristina Kazorlanın
birgə çıxışı tədbirə xüsusi rəng qatıb. Azərbaycan musiqisinin
flamenko rəqsi ilə sintezi qonaqlar tərəfindən alqışlarla
qarşılanıb.

Tədbirin sonunda qonaqlara Azərbaycan milli mətbəxinin
nümunələri təqdim olunub, həmçinin ölkəmizin zəngin mədəniyyəti,
tarixi və turizm potensialını əks etdirən müxtəlif nəşr və
broşürlər nümayiş etdirilib.

Bununla yanaşı, 28 may 2026-cı il tarixində Səfirliyin təşəbbüsü
və Madrid Şəhər Şurasının dəstəyi ilə İspaniyanın məşhur tarixi
simvollarından hesab olunan “Cibeles” fəvvarəsi yenidən Azərbaycan
bayrağının rəngləri ilə işıqlandırılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir