
Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubionun Ermənistana planlaşdırılan
səfəri, Vaşinqton-İrəvan xəttində son dövrlər müşahidə olunan
fəallıq və Avropanın Ermənistana nümayişkaranə dəstəyi regionda
yeni geosiyasi mənzərə yaratmağa hesablanıb. Lakin proseslərin
mahiyyətinə diqqətlə baxdıqda ortaya çıxan əsas məqam ondan
ibarətdir ki, Ermənistan yenə də tarixi siyasi ənənəsinə sadiq
qalaraq bir güc mərkəzindən digərinə doğru istiqamət dəyişir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
İskəndərov deyib.
Millət vəkili vurğulayıb ki, bu, ilk dəfə baş vermir və erməni
siyasi davranışının xarakterik xüsusiyyətlərindən biri hesab
olunur:
“Bu gün İrəvan Qərbə inteqrasiya görüntüsü yaratmağa çalışır,
ABŞ ilə münasibətləri xüsusi mərhələyə keçirmək üçün addımlar atır,
Avropa institutlarının siyasi himayəsindən maksimum yararlanmağa
cəhd edir. Hətta Ermənistan rəhbərliyinin ABŞ prezidenti ilə
yazışmaları, Vaşinqtondan gələn siyasi mesajlar və Avropa
dairələrinin İrəvana verdiyi açıq dəstək də bu xəttin davamı kimi
təqdim olunur. Ancaq burada diqqətdən yayınmayan mühüm məqam var:
Ermənistan uzun illər ərzində öz təhlükəsizliyini və mövcudluğunu
məhz Rusiyanın siyasi, iqtisadi və hərbi dəstəyi hesabına qoruyub
saxlayıb”.
Deputat bildirib ki, bu gün isə eyni Ermənistan Qərbə
yaxınlaşmaq naminə Moskvanı arxa plana keçirməyə çalışır. Halbuki
Rusiya hələ də Ermənistan üçün həyati əhəmiyyət daşıyan əsas
faktorlardan biridir:
“Ermənistan iqtisadiyyatının strateji sahələri uzun illərdir,
Rusiya ilə bağlıdır. “Qazprom”un Ermənistana verdiyi qaz ölkənin
enerji təhlükəsizliyində əsas rol oynayır. Moskva istəsə, qaz
təchizatını dayandıra və ya qiymətləri ciddi şəkildə artıra bilər.
“Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti də Rusiyanın
texniki dəstəyi olmadan çətin vəziyyətə düşər. Ermənistanda mis və
qızıl sənayesində fəaliyyət göstərən Rusiya şirkətlərinin geri
çəkilməsi iqtisadiyyata ağır zərbə vura bilər. Bununla yanaşı,
Rusiya sərhədçilərinin İran və Türkiyə sərhədlərindən çıxarılması,
Gümrüdə yerləşən 102 saylı hərbi bazada genişmiqyaslı təlimlərin
keçirilməsi, Ermənistan mallarına embarqo tətbiqi və ya Rusiyadan
göndərilən pul köçürmələrinin məhdudlaşdırılması İrəvan üçün ciddi
nəticələr doğura bilər. Ancaq Moskva indiyə qədər bu imkanlardan
tam şəkildə istifadə etmir. Bu isə bir daha göstərir ki, Rusiya
bütün narazılıqlara baxmayaraq, regionda balansın tam pozulmasını
istəmir”.
V.İskəndərovun sözlərinə görə, Ermənistan yenə də ənənəvi siyasi
xəttini davam etdirir, hansı güc mərkəzini daha perspektivli
görürsə, ona yaxınlaşmağa çalışır.
“Tarix boyu fərqli dövlətlərin himayəsi altında fəaliyyət
göstərən erməni siyasəti bu gün də dəyişməyib. Ancaq regionda
reallıq artıq tamamilə fərqlidir. Azərbaycan öz gücünə əsaslanan
müstəqil siyasət yürüdür və Cənubi Qafqazda yeni siyasi düzənin
əsas müəllifi kimi çıxış edir. Xarici güclərin dəstəyi ilə balans
yaratmağa çalışan Ermənistan isə hələ də geosiyasi himayədar
axtarışından qurtula bilmir”, – deyə o sözlərinə yekun vurub.

