
Bakı. Trend:
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə ticarət iqtisadi və
investisiya əməkdaşlığını dərinləşdirmək, o cümlədən sənaye,
logistika və infrastruktur sahələrində birgə layihələri
genişləndirmək niyyətindədir.
Trend xəbər
verir ki, bunu Azərbaycanın Mərkəzi Asiya regionu üzrə ticarət
nümayəndəsi Səməd Həsənov Avrasiya İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycanın MDB ölkələri ilə iqtisadi
əməkdaşlığı möhkəmlənməkdə davam edir və ticarət dövriyyəsi
təxminən 2 milyard ABŞ dollarına çatıb. Qazaxıstanla ticarət isə 42
faiz artaraq 670 milyon ABŞ dolları təşkil edib.
“Azərbaycanın region üzrə ticarət nümayəndəliyi əsas vəzifə kimi
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında ticarət iqtisadi və
investisiya əlaqələrinin inkişafına dəstəyi nəzərdən keçirir”, –
deyə Həsənov qeyd edib.
O əlavə edib ki, paralel olaraq investisiya əməkdaşlığı da
genişlənir. Azərbaycan və Qazaxıstanın qarşılıqlı
investisiyalarının həcmi müvafiq olaraq yüz milyonlarla və
milyardlarla dolları ötür.
“Biz birgə layihələrin təşviqi və qarşılıqlı ticarətin
genişləndirilməsi istiqamətində işgüzar dairələrə bundan sonra da
hərtərəfli dəstək göstərməyə hazırıq”, – deyə o bildirib.
Onun sözlərinə görə, sənaye kooperasiyasının inkişafına xüsusi
diqqət ayrılır. Buraya Azərbaycanda dəyəri 800 milyon ABŞ
dollarından çox olan isti briketləşdirilmiş dəmir istehsalı
zavodunun tikintisi layihəsi, həmçinin regionda ticarət
zəncirlərinin dayanıqlığını təmin edən logistika mərkəzləri
daxildir.
Orta Dəhliz çərçivəsində nəqliyyat inteqrasiyasına da ayrıca
diqqət yetirilir. Marşrutun əsas iştirakçıları olan Azərbaycan və
Qazaxıstan 2030-cu ilə qədər daşımaların həcmini ildə 10 milyon
tona və təxminən 500 min konteynerə çatdırmağı planlaşdırır. Bu isə
Avrasiyanın tranzit potensialını əhəmiyyətli dərəcədə
artırmalıdır.
“Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutunun mühüm iştirakçılarıdır və bu marşrut bu gün əsas
Avrasiya nəqliyyat arteriyalarından birinə çevrilir”, – deyə
Həsənov vurğulayıb.
O bildirib ki, Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət
Limanını, Ələt Azad İqtisadi Zonasını və sənaye parklarını inkişaf
etdirməyə davam edir, bununla da müasir logistika və sənaye
infrastrukturu formalaşdırır.
Onun sözlərinə görə, layihələrin dəstəklənməsi üçün əlavə alət
kimi 2023-cü ildə yaradılmış və kapitalı 300 milyon ABŞ dolları
olan Azərbaycan–Qazaxıstan birgə investisiya fondu çıxış edir. Fond
sənaye, logistika, rəqəmsallaşma və emal sahələrində layihələrin
maliyyələşdirilməsinə yönəlib.
Həsənov həmçinin Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş
ərazilərinin bərpasında iştirakını iki ölkə arasında əməkdaşlığın
mühüm simvolu adlandırıb. Həyata keçirilən təşəbbüslər sırasında
Qazaxıstanın dəstəyi ilə Füzuli şəhərində inşa edilən Kurmanqazı
adına Uşaq Yaradıcılıq Mərkəzi də yer alır.
O əlavə edib ki, işğaldan azad edilmiş ərazilər investisiyalar
üçün perspektivli istiqamət hesab olunur və burada biznes üçün 10
ilədək müddətə vergi və gömrük güzəştləri nəzərdə tutulub.

