
Bakı. Trend:
Azərbaycan bank sektorunda depozitlərin həcmi 2031-ci ilə qədər
milli valyutada əmanətlərin artması və xarici valyutada
depozitlərin tədricən yüksəlməsi hesabına davamlı artım nümayiş
etdirəcək.
Trend xəbər
verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) son icmalında
qeyd olunub.
BVF-nin proqnozlarına görə, milli valyutada depozitlər 2026-cı
ildəki 24,7 milyard manatdan 2031-ci ildə 41,2 milyard manata
yüksələcək. Göstəricinin 2027-ci ildə 27,4 milyard manat, 2028-ci
ildə 30,3 milyard manat, 2029-cu ildə 33,6 milyard manat, 2030-cu
ildə isə 37,2 milyard manat təşkil edəcəyi gözlənilir.
Artım əvvəlki illərdə formalaşmış müsbət dinamika fonunda davam
edir. Belə ki, manatla depozitlər 2023-cü ildə 19,5 milyard manat
olub, 2024-cü ildə 20,8 milyard manata yüksəlib və 2025-ci ildə
22,4 milyard manat səviyyəsində qiymətləndirilir.
Ümumilikdə, milli valyutada əmanətlərin həcminin 2026–2031-ci
illərdə təxminən 84 faiz artacağı və 2023-cü ilin səviyyəsini iki
dəfədən çox üstələyəcəyi proqnozlaşdırılır.
Xarici valyutada depozitlərin də artacağı gözlənilir, lakin bu
artım daha mülayim templərlə davam edəcək. BVF-nin proqnozlarına
əsasən, həmin depozitlər 2026-cı ildəki 9,9 milyard manatdan
2031-ci ildə 10,8 milyard manata yüksələcək. Aralıq göstəricilər
2027-ci ildə 10,4 milyard manat, 2028-ci ildə 10,6 milyard manat,
2029–2030-cu illərdə isə təxminən 10,8 milyard manat olacaq.
Əvvəlki illərdə xarici valyutada depozitlərin həcmi 2023-cü ildə
9,7 milyard manat, 2024-cü ildə 9,8 milyard manat təşkil edib və
2025-ci ildə 9,5 milyard manata qədər azaldığı qiymətləndirilib.
Bundan sonra isə 2026-cı ildən yenidən artımın başlayacağı
gözlənilir.
BVF həmçinin Azərbaycanda geniş pul kütləsinin də artacağını
proqnozlaşdırır. Belə ki, bu göstərici 2026-cı ildəki 53,4 milyard
manatdan 2031-ci ildə 75,7 milyard manata qədər yüksələcək.
Göstəricinin 2027-ci ildə 57,5 milyard manat, 2028-ci ildə 61,7
milyard manat, 2029-cu ildə 66 milyard manat, 2030-cu ildə isə 70,7
milyard manat olacağı gözlənilir.
Müqayisə üçün qeyd edək ki, geniş pul kütləsi 2023-cü ildə 45,1
milyard manat, 2024-cü ildə isə 46,5 milyard manat təşkil edib.
2025-ci ildə bu göstəricinin 49,9 milyard manat səviyyəsində
olacağı qiymətləndirilir.
Bundan əlavə, milli valyutada pul kütləsinin də artacağı
gözlənilir. BVF-nin proqnozlarına əsasən, bu göstərici 2026-cı
ildəki 43,5 milyard manatdan 2031-ci ildə təxminən 64,9 milyard
manata çatacaq.

