
Bakı. Trend:
Prezident İlham Əliyev bu gün Şuşa rayonunun Böyük Qaladərəsi
kəndinə qayıdan sakinlərlə görüşüb.
Trend xəbər verir
ki, dövlət başçısının səmimi söhbəti maraqla qarşılanıb.
Həmin dialoqu təqdim edirik:
Prezident İlham Əliyev: İlk növbədə, sizi bayramlar münasibətilə
təbrik edirəm – həm Qurban bayramı, həm Müstəqillik. Siz həm
Müstəqillik, həm Qurban bayramlarını doğma Qarabağ torpağında qeyd
edirsiniz. Bu, böyük xoşbəxtlikdir. Bu münasibətlə sizi ürəkdən
təbrik edirəm.
Uzun fasilədən sonra doğma vətənə qayıtmaq böyük
xoşbəxtlikdir.
Qadın sakin: Şərəfdir bizim üçün, şərəfdir.
Prezident İlham Əliyev: Bəli. Burada sizin üçün gözəl şərait
yaradılıb. Burada evlərin, demək olar ki, əksəriyyəti dağılmışdı.
Onların 17-si hazırdır, 20-si də ikinci mərhələdə hazır olacaq və
ondan sonra da evlər tikiləcək. Burada qonşuluqda da iş gedir.
Kiçik Qaladərəsi, Turşsu, Sarıbaba. Laçın da yaxındır, Şuşa da
yaxındır. İndi yeni yol da çəkilir və gediş-gəliş də daha rahat
olacaq. Yəqin ki, görmüsünüz, biz Şuşa-Laçın yolunu
genişləndiririk, həm də tunellər inşa edilir. Hər şey edilir ki,
insanlar burada rahat yaşasınlar və əsas odur ki, doğma vətən
torpağında.

