
Bakı. Trend:
Azərbaycanın dövlət borcunun növbəti onillik ərzində ümumilikdə
ÜDM-in təxminən 20 faizi səviyyəsində sabit qalacağı
gözlənilir.
Trend xəbər
verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF)
proqnozlarında bildirilib.
Fondun qiymətləndirmələrinə əsasən, dövlət borcu 2026-cı ildə
ÜDM-in 20 faizini təşkil edəcək, 2027-ci ildə 19,9 faizə, 2028-ci
ildə 19,8 faizə, 2029-cu ildə isə 19,7 faizə qədər azalacaq. Bundan
sonra göstərici 2030-cu ildə yenidən 20 faiz səviyyəsinə qayıdacaq
və tədricən artaraq 2031-ci ildə 20,5 faizə, 2032-ci ildə 21,3
faizə, 2033-cü ildə 21,4 faizə, 2034-cü ildə isə 21,9 faizə
çatacaq.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanın dövlət borcu 2024-cü
ildə ÜDM-in 21,6 faizini təşkil edib və 2025-ci ildə 20,1 faizə
qədər azalıb.
BVF həmçinin Azərbaycanın iqtisadiyyatının 2026-cı ildə 2,2 faiz
artacağını, 2027–2031-ci illərdə isə illik artım tempinin 2,5 faiz
səviyyəsində sabitləşəcəyini proqnozlaşdırır.
Fondun proqnozlarına görə, ölkənin neft sektoru, o cümlədən neft
və qaz hasilatı və emalı 2026-cı ildə 2 faiz azalacaq. Bundan sonra
azalma tempi 2027–2031-ci illərdə illik 0,5 faiz səviyyəsinə qədər
zəifləyəcək.
Eyni zamanda BVF qeyri-neft ÜDM-nin 2026-cı ildə 3,7 faiz,
2027-ci ildə isə 3,8 faiz artacağını, 2028–2031-ci illərdə isə
illik 3,5 faiz səviyyəsində sabitləşəcəyini gözləyir.

