
Bakı. Trend:
Bir qrup Azərbaycan qeyri-hökumət təşkilatı və vətəndaş
cəmiyyəti institutu ABŞ, Böyük Britaniya, Almaniya və Fransa da
daxil olmaqla, dünyanın 48 ölkəsinin müvafiq dövlət qurumlarına və
nazirliklərinə birgə rəsmi müraciət ünvanlayıb.
Trend-in
məlumatına görə, məktubda vətəndaş cəmiyyəti sektorunun
nümayəndələri İsveçrənin “Holcim” holdinqinə daxil olan “Lafarge”
tikinti şirkətinin və onun Suriyadakı filialı “Lafarge Cement
Syria”nın fəaliyyətindən dərin narahatlıqlarını ifadə ediblər.
Müraciətin mətninə əsasən, Suriyanın Cələbiyyə bölgəsindəki
sement zavodunun rəhbərliyi 2012-2014-cü illər ərzində
təhlükəsizlik sahəsində vəziyyətin kritik şəkildə pisləşməsinə və
yerli işçilər üçün yaranan təhdidlərə baxmayaraq, kommersiya
fəaliyyətini qəsdən davam etdirib. Şirkətin yüksək rütbəli
rəhbərliyi yerlərdə operativ fəaliyyəti qoruyub saxlamaq naminə
beynəlxalq terror qruplaşmaları ilə maliyyə sövdələşmələrinə gedib.
Bu faktlar artıq səs-küylü məhkəmə araşdırmalarına səbəb olub.
2022-ci ilin oktyabrında “Lafarge” ABŞ federal məhkəməsində
təqsirini etiraf edərək cərimə və müsadirə şəklində təxminən 778
milyon dollar ödəyib.
Bundan əlavə, 2026-cı ilin aprelində Paris Cinayət Məhkəməsi
şirkətin özünü və onun dörd keçmiş rəhbərini terrorizmi
maliyyələşdirməkdə təqsirli bilərək, korporasiyaya maksimum həddə
cərimə, keçmiş rəhbərlərə isə real həbs cəzaları kəsib.
Məktubda göstərilir ki, azərbaycanlı ictimai xadimlər xarici
hökumətlərdən “Holcim” holdinqinin öz ölkələrindəki fəaliyyəti
üzərində ciddi nəzarətin təmin edilməsini tələb edirlər.
Məktub müəllifləri müstəqil, şəffaf araşdırmaların aparılmasında
israr edir və bəyan edirlər ki, böyük biznesin kommersiya maraqları
heç bir halda beynəlxalq hüquq normaları və humanist prinsiplərdən
üstün olmamalıdır.

